Xəbəri Kokpitdə Oxuyun!

T.Makkallou Aston Martin-dən ayrılacaq

Aston Martin komandasında uzun illər performans direktoru vəzifəsində çalışan Tom Makkallou 2026-cı il mövsümünün sonunda komandadan ayrılacaq.

PlanetF1 nəşrinin məlumatına görə, Makkallou 2014-cü ildə komanda hələ Force India adı altında yarışarkən baş mühəndis kimi kollektivə qoşulmuşdu. Beləliklə, təcrübəli mühəndis təşkilatda keçirdiyi 13 illik fəaliyyətini başa vuraraq Aston Martin-lə yollarını ayıracaq.

Makkallou 2018-ci ildə performans direktoru vəzifəsinə yüksəlmiş və 2024-cü il mövsümünün sonuna qədər Aston Martin-in rəhbər heyətində yer almışdı.

2025-ci il mövsümünün əvvəlində baş icraçı direktor vəzifəsinə təyin olunan Endi Kauell tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma çərçivəsində Makkallounun vəzifə öhdəlikləri də dəyişdirilmişdi.

Kauell komanda rəhbəri postunu tutarkən, Mayk Krək isə tras əməliyyatlarına cavabdeh baş rəhbər vəzifəsinə gətirilmişdi. Krəkin yeni vəzifəyə keçməsi ilə Makkallounun Formula 1 əməliyyatlarındakı bir çox səlahiyyəti də ona həvalə olunmuşdu.

Bunun ardından britaniyalı mühəndis Aston Martin-in Formula 1 proqramından ayrılaraq şirkətin müxtəlif avtoidman kateqoriyalarındakı fəaliyyətini idarə edən Aston Martin Performance Technologies bölməsində performans direktoru kimi çalışmağa başlamışdı.

Son 20 ay ərzində şirkətin müxtəlif avtoidman layihələrinə rəhbərlik edən Makkallounun 2026-cı ilin sonunda təşkilatdan tamamilə ayrılacağı bildirilir.

Rəhbərlikdə dəyişikliklər davam edir

Aston Martin-in Formula 1 komandasında son dövrlərdə rəhbər heyətdə mühüm dəyişikliklər baş verməkdə davam edir.

2025-ci il mövsümünün sonunda Ədrian Nyui komanda rəhbəri vəzifəsini Endi Kauelldən təhvil almışdı. İdarəedici texniki tərəfdaş və komandanın azlıq səhmdarlarından biri olan Nyui bu vəzifəni uzunmüddətli komanda rəhbəri təyin edilənədək müvəqqəti olaraq icra etməyə üstünlük verib.

PlanetF1-in məlumatına görə, bu vəzifə üçün əsas namizəd Audi komandasının keçmiş rəhbəri və Nyuinin Red Bull dövründən uzun illər birlikdə çalışdığı Conatan Vitlidir.

Lakin Vitlinin hazırda Audi ilə ayrılıq şərtlərini müzakirə etdiyi bildirilir. Buna görə də onun Aston Martin-ə keçidinin 2026-cı il ərzində rəsmiləşəcəyi gözlənilmir.

Rauf Hacıyev

Şərh əlavə et