Xəbəri Kokpitdə Oxuyun!

FIA rəsmisi Tombazis: Problemləri illər əvvəl görürdük

Pilotların 2026-cı il texniki reqlamentinə yönəltdiyi sərt tənqidlərə cavab verən FIA-nın təkoturacaqlı bolidlər üzrə direktoru Nikolas Tombazis, yaranan problemləri illər öncədən proqnozlaşdırdıqlarını, lakin istehsalçıların müqaviməti səbəbindən lazımi dəyişiklikləri həyata keçirə bilmədiklərini açıqlayıb.

Belçika Qran Prisində bolidlərin yaşadığı ciddi enerji çatışmazlığı pilotların narazılığına səbəb olmuşdu. Pilotlar Assosiasiyasının (GPDA) direktoru Karlos Sayns, “2022-2023-cü illərdəki simulyasiyaları görüb buna icazə verənlər özlərini sorğu-suala çəkməlidirlər” demiş, yeddiqat dünya çempionu Lyuis Həmilton isə “Bu qərarları kimin verdiyini bilmirəm, amma həmin şəxsin hələ də bu vəzifədə olması təəccüblüdür” sözləri ilə narazılığını ifadə etmişdi.

Pilotların tənqidlərini haqlı hesab etdiyini bildirən, lakin FIA-nın idarəetmə qaydaları səbəbindən müdaxilə imkanlarının məhdud olduğunu deyən Nikolas Tombazis vəziyyəti belə izah edib: “Pilotlar xarakter etibarilə kifayət qədər tələbkardırlar. Buna görə də fikirlərini açıq şəkildə bildirmələrini başa düşürük. Ancaq bu problemlərin əksəriyyətini biz mövsüm başlamazdan iki il əvvəl görmüşdük və reqlamentdə müəyyən düzəlişlər etməyə çalışmışdıq. Lakin qüvvədə olan idarəetmə sistemi buna imkan vermədi. Ona görə də hazırda yaşananlar, təəssüf ki, qaçılmaz idi”.

Mövcud və Formula 1-ə yeni qoşulan istehsalçıların (məsələn, Audi) maraqlarını qorumaq üçün yaradılan Güc Qurğusu Məsləhət Komitəsinin qaydalarına əsasən, radikal dəyişikliklərin qəbul edilməsi üçün FIA və Formula 1 rəhbərliyi ilə yanaşı, ən azı dörd mühərrik istehsalçısının da razılığı tələb olunurdu.

Tombazis bildirib ki, məhz bu mexanizm onların əl-qolunu bağlayıb: “Həmin dövrdə qüvvədə olan idarəetmə razılaşması FIA-nın birtərəfli qayda dəyişikliyi etməsinə imkan vermirdi. İstənilən dəyişiklik üçün ən azı dörd istehsalçının razılığı lazım idi. Açıq deyim ki, yeni qaydalarla bağlı düzəlişləri müzakirə etdiyimiz illərdə dörd istehsalçı buna razılıq vermədi. Ən doğru addım bu dəyişiklikləri bir neçə il əvvəl etmək idi. O halda bu gün yaşanan müzakirələrin heç biri olmazdı”.

Mövsümün əvvəlində yaşanan problemlərdən sonra FIA may ayında keçirilən Mayami Qran Prisindən etibarən təcili tədbirlər həyata keçirərək, 2028-ci ilə qədər daxiliyanma mühərriki ilə batareya gücü arasındakı nisbəti 60/40 səviyyəsinə endirmək qərarı qəbul edib.

Nikolas Tombazis, pilotların narazılıqlarını haqlı saysa da, yarışların tamaşa baxımından zərər görmədiyini vurğulayıb: “Əvvəllər yeni reqlament dövrlərində bir komandanın digərlərinə böyük üstünlük qazandığını görürdük. İndi Mercedes yarışların əksəriyyətini qazansa da, mübarizə son dərəcə maraqlı keçir və çoxlu ötmələr izləyirik. Pilotlar əlbəttə ki, idmanımızın ən vacib hissələrindən biridir. Onların fikirlərini dinləyib addım atmaqla düzgün qərar verdik. Lakin eyni zamanda dəyişiklik və maraqlı mübarizə görmək istəyən azarkeşləri də nəzərə almalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et