Əslində Bəhreyndə keçirilməsi planlaşdırılan, lakin Yaxın Şərqdəki gərginlik səbəbindən baş tutmayan yarış üçün Sepanq Beynəlxalq Avtodromu qapılarını Formula 1-in üzünə açacaq. 2-4 oktyabr tarixlərində, Azərbaycan və Sinqapur Qran-priləri arasındakı həftəsonuna əlavə edilən yarış bütün rəsmi təsdiqlər tamamlandıqdan sonra “Formula 1 Gulf Air Bahrain Grand Prix in Malaysia” adı ilə təşkil olunacaq.
Bununla da 2026-cı il mövsümündə yarışların ümumi sayı 23-ə yüksələcək. Təqvimin qalan hissəsində isə heç bir dəyişiklik edilməyəcək.
Formula 1-in baş İcraçı Direktoru Stefano Domenikali: Sepanq Formula 1 tarixində xüsusi yerə malikdir
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali qərardan sonra verdiyi açıqlamada həm idmanın çevikliyini, həm də Malayziyanın Formula 1-ə qayıdışını vurğulayıb: “Malayziyanın 2026-cı ildə Bəhreyn Qran Prisinə ev sahibliyi edəcəyini təsdiqləməkdən böyük məmnunluq duyuruq.
İdmanımız bir daha şəraitə sürətlə uyğunlaşmaq, həll yolu tapmaq və onu həyata keçirmək bacarığını nümayiş etdirdi. Bu da bütün Formula 1 azarkeşləri üçün həyəcanverici bir hadisədir.
Bu möhtəşəm nəticənin əldə olunmasına öz uzaqgörənliyi, qətiyyəti və operativ qərarları ilə töhfə verən Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifəyə, vəliəhd şahzadə Salman bin Həməd Əl-Xəlifəyə, həmçinin Malayziya Kralı Sultan İbrahimə və hökumətinə səmimi təşəkkürümü bildirirəm.
Eyni zamanda, proses boyunca göstərdiyi əməkdaşlığa görə FIA prezidenti Məhəmməd Ben Sulayemə də minnətdarlığımı çatdırıram.
Ən vacibi isə budur ki, bu qərar azarkeşlərimiz üçün əla xəbərdir. Onlar təkcə dolu və maraqlı Formula 1 təqvimini izləməyəcək, eyni zamanda idmanımızın əfsanəvi məkanlardan birinə qayıdışının şahidi olacaqlar.
Malayziya möhtəşəm ölkədir və Sepanq Formula 1 tarixində həqiqətən xüsusi yer tutur. Bu yarış həm trasdakı, həm də ekran qarşısındakı azarkeşlər üçün unudulmaz təcrübə olacaq”.
Təşkilatın rəsmən qüvvəyə minməsi üçün Ümumdünya Avtoidman Şurasının (WMSC) yekun təsdiqi tələb olunur. Bundan sonra biletlərin satış tarixi və yarış həftəsonunun ətraflı proqramı Formula 1 rəhbərliyi tərəfindən yaxın vaxtlarda açıqlanacaq.




Şərh əlavə et