Bu, Hirakavanın karyerasında ilk sərbəst yürüşdə səkkizinci, 2026-cı mövsümdə isə Avstriya mərhələsindən sonra ikinci çıxışı olacaq.
Haas komandasının rəhbəri Ayo Komatsu bildirib: “Spa-da VF-26 bolidinin xüsusiyyətlərini daha yaxşı anlamaq və onun performansını yaxşılaşdırmaq baxımından müəyyən irəliləyiş əldə etdik. Lakin bazar günü yarışındakı yekun nəticə bizim üçün çox məyusedici oldu.
Yay fasiləsindən əvvəlki son yarış üçün Hunqarorinqə yollanırıq. Bizi Spa ilə müqayisədə tamamilə fərqli çağırışlar gözləyir. Cümə günü bolidi daha yaxşı tanımaq üçün bir sıra testlər keçirəcəyik.
Rio ilk sərbəst yürüşdə Oliveri əvəz edəcək. Şpilberqdəki çıxışından sonra onun bu dəfə hansı irəliləyişi göstərəcəyini görmək bizim üçün maraqlıdır.
Həmişə olduğu kimi, rəqabət çox yüksəkdir. Buna baxmayaraq, yay fasiləsi öncəsi mövcud imkanlardan maksimum yararlanmağa çalışacağıq”.
Rio Hirakava isə bunları deyib: “İlk növbədə, mənə Macarıstanda yenidən ilk sərbəst yürüşdə bolidin sükanı arxasına keçmək imkanı yaratdıqları üçün Toyota və Haas komandalarına təşəkkür edirəm.
Bu, Avstriyadakı çətin sessiyadan sonra VF-26 ilə ikinci təcrübəm olacaq. Həmin vaxt aerodinamik testlər və qırmızı bayraqlar səbəbindən sürətli dövrələr vurmaq imkanım çox məhdud olmuşdu. Bu həftəsonu bunu etmək şansım olacaq və bu məni çox həvəsləndirir.
Hunqarorinq həqiqətən mürəkkəb trasdır. O, qısa və dardır, çoxlu yavaş və orta sürətli döngələrə malikdir. Limitdə sürmək, komandaya faydalı məlumatlar toplamaq və ikinci sərbəst yürüş üçün, eləcə də həftəsonunun qalan hissəsi üçün optimal sazlanmaları müəyyənləşdirmək çox maraqlı olacaq”.




Şərh əlavə et