Xəbəri Kokpitdə Oxuyun!

Hacar Belçika Qran Prisinə son sıradan başlayacaq

Red Bull komandasının sürücüsü Ayzek Hacar bildirib ki, komandanın güc qurğusunun komponentlərini dəyişdirmək qərarından sonra Belçika Qran Prisinə start düzümünün son sırasından başlayacaq.

Red Bull tərəfindən hazırlanan ilk güc qurğusu daxiliyanma mühərriyi (ICE) baxımından FIA-nın ilk ADUO qiymətləndirməsində gözləntiləri üstələyərək lider olmuşdu. Lakin yeni texniki reqlament dövründə digər mühərrik istehsalçıları kimi Red Bull-un güc qurğusunun da tam etibarlı və dayanıqlı olmadığı üzə çıxıb.

Hacar mövsümün ilk yarışı olan Avstraliya Qran Prisində mühərrik nasazlığı səbəbindən yarışı başa vura bilməmiş, Monakoda yaşadığı başqa bir problem isə onu mümkün podiumdan məhrum etmişdi. Geridə qalan doqquz yarış ərzində güc qurğusunun bir çox komponentindən istifadə edən gənc pilot dördüncü enerji anbarına və dördüncü idarəetmə elektronikası blokuna keçdiyi üçün artıq cəza həddinə çatmışdı.

Mövsümün 10-cu yarışı öncəsi yeni güc qurğusu komponentlərinə keçəcəyini açıqlayan Red Bull pilotu Fransanın Canal+ telekanalına açıqlamasında yarışa 22-ci yerdən başlayacağını gözlədiyini bildirib: “Bu həftəsonu Spa-da əsas məqsədimiz tamamilə yarış tempinə fokuslanmaq olacaq. Sıralanma turundakı bir dövrəlik performansa çox diqqət yetirməyəcəyimizi bilirik. Çox güman ki, yarışa 22-ci yerdən başlayacağam. Amma Spa ötmələrin mümkün olduğu trasdır. Yarışda çox şey baş verə bilər. Yaxşı tempimiz var. Buna görə də bazar günü çox maraqlı yarış keçirəcəyimizə ümid edirəm”.

Hacar, McLaren-in Lando Norrisin idarəetmə elektronikası blokunu dəyişdirdiyini açıqlamasından sonra Spa-da start cəzası alacağı dəqiqləşən ikinci pilot olub. Mercedes-in yenilənmiş idarəetmə elektronikası blokuna keçən Norris dördüncü bloka keçdiyi üçün avtomatik olaraq 10 yerlik start cəzası alıb.

Rauf Hacıyev

Şərh əlavə et