Xəbəri Kokpitdə Oxuyun!

Həmilton: Simulyatordan istifadə etməmək performansımı artırdı

Yeddiqat dünya çempionu Lyuis Həmilton bildirib ki, təxminən iki aydır Ferrari-nin Formula 1 simulyatorundan istifadə etmir və bu qərar onun performansına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.

Britaniyalı sürücü may ayında keçirilən Kanada Qran Prisi ərəfəsində Maranellodakı simulyatordan istifadəni dayandırmaq qərarı vermişdi. Britaniyalı sürücü simulyatorla real tras məlumatları arasında korrelyasiyanın kifayət qədər yaxşı olmadığını bildirmişdi.

Həmilton simulyatordan imtina etdikdən sonra diqqətçəkən nəticələr göstərib. Bu müddətdə Ferrari pilotu 96 xal toplayıb. O, bu göstərici ilə Kimi Antonellinin (79 xal), Corc Rassellin (74 xal) və komanda yoldaşı Şarl Leklerin (49 xal) nəticələrini geridə qoyub. Bununla belə, bu statistikada Mercedes komandasının yaşadığı uğursuzluqlar və Leklerin qarşılaşdığı problemlər də rol oynayıb.

Kanada Qran Prisindən bəri simulyatordan yenidən istifadə edib-etmədiyi barədə Motorsport.com-un sualını cavablandıran Hemilton qısa şəkildə deyib: “Xeyr”.

Son yarışlarda bu qərarın ona nə dərəcədə kömək etdiyi soruşulduqda isə gülümsəyərək belə cavab verib: “Hədsiz dərəcədə!

Ötən il ərzində simulyatordan istifadə etməyə çalışdım. Amma daha əvvəl də demişdim ki, Mercedes-dəki ilk illərimdə simulyatordan istifadə etmirdim. Sonradan simulyator inkişaf etdikcə ondan yararlandığımız dövrlər oldu, lakin yenə də müəyyən vaxtlarda tamamilə imtina etdiyimiz mərhələlər yaşanırdı. 1997-ci ildən bəri simulyatorlardan istifadə edirəm. Onlar həqiqətən çox güclü və çox faydalı alətlər ola bilərlər. Amma eyni zamanda sizi yanlış istiqamətə də apara bilərlər.

Xüsusilə ötən il bunun belə olduğunu hiss etdim. Mercedes-də keçirdiyim əvvəlki illərdə də oxşar hallarla rastlaşmışdım. Buna görə də ondan istifadə etməməyi qərara aldım. İstifadəni dayandırdığımdan bəri performansım xeyli yaxşılaşıb”.

Rauf Hacıyev

Şərh əlavə et