Son həftələrdə niderlandlı sürücücünün McLaren-ə keçəcəyi ilə bağlı şayiələr paddokun ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Belçika Qran Prisi həftəsonu öncəsi bu iddialarla bağlı fikirləri soruşulduqda Ferstappen qısa cavab verib: “Heç nə. Bu mövzuda deyəcək heç nəyim yoxdur. Əvvəl də dəfələrlə demişəm, əgər yeni bir xəbər olsa, bunu ilk açıqlayan mən olaram”.
Red Bull-un yaşadığı texniki problemlər və komandadakı mühüm mühəndis ayrılıqları barədə danışan Ferstappen isə bildirib ki, hamı gələcəyə fokuslanıb: “Gələcəyə baxırıq və eyni zamanda hazırda avtomobildə yaşadığımız problemləri həll etməyə çalışırıq. Bütün bunlar komanda daxilində açıq şəkildə müzakirə olunur. Əlbəttə, bəzi yarışlardan sonra məyusluq və ya qəzəb hiss edə bilərsiniz. Amma Silverstoundan sonra evə getdim, bir qədər dincəldim və çərşənbə günü yenidən bazada idim. Ardınca qarşıdakı yarışlara hazırlaşmağa başladıq.
İllərdir birlikdə çalışırıq. Bəzi mövsümlər digərlərindən daha rəqabətli ola bilər, amma mənim yanaşmam və ya komandanın iş prinsipi dəyişmir. Sədaqət illər ərzində qurduğunuz münasibətlə bağlıdır. Komandanın sizin üçün etdikləri və sizin komanda üçün etdikləriniz… Red Bull ilə bu münasibət mənim üçün həmişə çox yaxşı olub. Mənim üçün bura ikinci ailəm kimidir”.
Spa-Frankorşamdakı həftəsonu ilə bağlı gözləntilərini bölüşən Ferstappen Red Bull-un performansı barədə dəqiq proqnoz verə bilməyəcəyini deyib: “Düzünü desəm, necə çıxış edəcəyimizi mən də bilmirəm. Sabah görəcəyik. Köhnə arxa qanada qayıdırıq. Yeni versiya yenidən istifadəyə hazır olduqdan sonra onu bir daha qiymətləndirəcəyik”.




Şərh əlavə et