Xəbəri Kokpitdə Oxuyun!

Piastridən qəti cavab: McLaren-də qalıram!

Oskar Piastri Maks Ferstappenin 2027-ci ildə McLaren-ə keçə biləcəyi ilə bağlı iddialara bir sözlə cavab verərək, gələn mövsüm də Vokinq təmsilçisinin heyətində çıxış edəcəyini təsdiqləyib.

Hazırda paddokun ən çox müzakirə olunan mövzularından biri Maks Ferstappenin Red Bull-dan ayrılmaq ehtimalıdır. Bildirilir ki, niderlandlı sürücünün müqaviləsindəki çıxış maddəsinin aktivləşməsi üçün lazım olan şərtlər artıq formalaşıb və istədiyi təqdirdə o, 2027-ci il mövsümündən əvvəl komandadan ayrıla bilər.

Mercedes və Ferrari-də boş yer olmaması səbəbindən Ferstappen üçün ən real variantlardan biri kimi McLaren göstərilir. Avstriya Qran-prisi zamanı ortaya çıxan iddialarda isə Ferstappen tərəfinin mümkün transferlə bağlı McLaren-lə danışıqlara başladığı irəli sürülmüşdü.

McLaren-in baş icraçı direktoru Zek Braun Ferstappenin istedadına böyük hörmət bəslədiyini desə də, hazırkı sürücü heyəti – Lando Norris və Oskar Piastridən tam razı olduqlarını açıq şəkildə bildirmişdi.

Buna baxmayaraq, Ferstappenin McLaren-ə keçəcəyi halda yerini itirə biləcək sürücünün Piastri olacağı iddia olunurdu. Lakin avstraliyalı pilotun meneceri Mark Vebber ötən həftə bu xəbərləri qəti şəkildə təkzib edərək, heç nəyin dəyişmədiyini və Piastrinin Norrislə birlikdə McLaren-də qalacağını söyləmişdi.

Belçika Qran Prisi öncəsi jurnalistlərin suallarını cavablandıran Piastri də Ferstappenlə bağlı iddialara cəmi bir sözlə nöqtə qoyub.

Jurnalistlərin “2027-ci ildə McLaren adına yarışacaqsan?” sualına Piastri belə cavab verib: “Bəli. Düzünü desəm, bunun müzakirə mövzusu olduğunu bilmirdim. Əlbəttə, bəzi şayiələri görmüşəm və eşitmişəm. Amma mən olduğum yerdən və komandadakı mövqeyimdən son dərəcə razıyam. Zek və Andrea bu proses boyunca mənə böyük dəstək göstərib və güvən aşılayıblar. Maksın hazırkı vəziyyətindən tam razı olmadığı və fərqli variantları dəyərləndirdiyi aydındır. Keçən il də Mercedes barədə oxşar şayiələr var idi. Buna görə də bu, yeni vəziyyət deyil. Mən isə olduğum yerdən və hər şeyin gedişindən çox məmnunam. Açığı, bu mövzuya çox əhəmiyyət vermirəm. İnsanların bazardakı vəziyyəti və sürücü bazarının necə formalaşdığını bilməsi vacibdir. Əlinizə keçən hər bir məlumat dəyərlidir. Mən komandama güvənirəm. Mənə deyilənlərə və mənə göstərilən etimada inanıram. Mənim üçün vacib olan yeganə məsələ də budur”.

Rauf Hacıyev

Şərh əlavə et