Kokpit.az xatırladır ki, italyan sürücü bu həftə keçiriləcək Belçika Qran Prisinə Sürücülər Çempionatının lideri kimi yollanır.
Son yarış olan Britaniya Qran Prisində Antonelli həm bolidində yaranan texniki problem, həm də aldığı 5 saniyəlik vaxt cəzası səbəbindən damalı bayrağı 16-cı yerdə görmüşdü.
Silverstoundakı çıxışını dəyərləndirən Antonelli bunları deyib: “Ümumilikdə çox güclü həftəsonu keçirdik. Bütün sessiyalarda ön sıralarda idik və bunu görmək həqiqətən müsbət idi. Daha əvvəl müəyyən çətinliklər yaşamağımıza baxmayaraq, sürətimizi qorumağımız və inkişaf tempimizi davam etdirməyimiz vacib idi. Mənim etməli olduğum yeganə şey əlimdə olan imkanlardan maksimum yararlanmaqdır. Nəzarət edə bildiyim hər şeyi ən yüksək səviyyədə yerinə yetirməyə çalışıram”.
Son üç yarışın ikisində yüksək xal qazanmaq şansı olduğu halda, özündən asılı olmayan səbəblər üzündən bunu bacarmamasının məyusedici olduğunu etiraf edən gənc pilot bunun avtoidmanın ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Əlbəttə, bu, çox əsəbpozucu haldır. Amma avtoidmanda belə hallar yaşanır. Düzünü desəm, artıq bunun kifayət etdiyini düşünürəm, lakin bu da bu idmanın bir hissəsidir.
Bunlar nəzarət edə bilmədiyiniz amillərdir. Mən sadəcə qarşıma çıxan hər fürsətdən maksimum istifadə etməyə və nəzarət edə bildiyim məqamlara diqqət yetirməyə çalışıram. Qalanını isə zaman göstərəcək. Komanda bu cür problemlərin bir daha təkrarlanmaması üçün həqiqətən də möhtəşəm iş görür”.
Spa-Frankorşam trasındakı gözləntiləri barədə danışan Antonelli Mercedes-in bu mövsüm ərzində demək olar ki, hər yarışda rəqabətədavamlı olduğunu xatırladıb: “Bolidimiz bu mövsüm demək olar ki, bütün yarışlarda sürətli olub. Buna görə də yenə ön sıralarda mübarizə aparacağımızı gözləyirik. Ferrari Silverstounda çox güclü idi. Bu, bir qədər sürpriz oldu. Amma bilirik ki, onlar xüsusilə sıralanma turunda əlavə performans tapa bilirlər. Bu həftəsonu da güclü olacaqlarını gözləyirik. Mən həmişə olduğu kimi öz işimə fokuslanacağam. Ancaq əlimizdəki paketin yenə də güclü olacağına kifayət qədər əminik, çünki mövsüm boyu belə olub”.




Şərh əlavə et