Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Macarena-dan istifadə etməyəcək

Red Bull, Maks Ferstappenin ardıcıl qəzalarından sonra hərəkətli arxa qanad konsepsiyasını Belçika Qran Prisində istifadə etməmək qərarına gəlib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü  Avstriya Qran Prisinin sıralama turunda qəzaya uğramış, daha sonra isə Silverstounda podium uğrunda mübarizə apararkən yarışı vaxtından əvvəl başa vurmuşdu. Dördqat Dünya Çempionu bu qəzalara  səbəb olan arxa qanad sistemini “son dərəcə təhlükəli” adlandıraraq sərt tənqid etmişdi.

Hərəkətli arxa qanad mexanizminin düzlük rejimindən döngə rejiminə keçidi zamanı yaranan problemin dəqiq səbəbi isə hələ də tam müəyyənləşdirilməyib.

Red Bull bu fırlanan arxa qanad konsepsiyasını ilk dəfə Mayami Qran Prisində istifadəyə vermişdi. Lakin Ferstappenin Silverstoundakı məşhur Copse döngəsində yaşadığı qəzadan sonra komanda rəhbəri Loran Mekis problemin hərtərəfli araşdırılacağını bildirmiş, lazım gələrsə bu qanad konsepsiyasından tamamilə imtina edə biləcəklərini də istisna etməmişdi.

Spa-Frankorşam trasında cümə axşamı ortaya çıxan son məlumata görə, Red Bull FIA-dan istifadə icazəsi almasına baxmayaraq, bu mübahisəli arxa qanadı hələlik boliddən çıxarmaq qərarına gəlib.

Əldə olunan məlumata əsasən, sistem üzərində zəruri təkmilləşdirmələr və təhlükəsizlik yeniləmələri həyata keçirildikdən sonra konsept yenidən sınaqdan keçiriləcək.

Oxşar həlli tətbiq edən digər komandalara nəzər saldıqda, Ferrari-nin öz arxa qanad versiyasını yarışlarda istifadə etməzdən əvvəl trasda uzunmüddətli sınaqlardan keçirdiyi və Mayamidə debüt etdikdən sonra sistemi fasiləsiz şəkildə bolidində saxladığı görünür.

McLaren isə Avstriya Qran Prisində sınaqdan keçirməyi planlaşdırdığı hərəkətli arxa qanad konsepsiyasını son anda istifadə etməməyə qərar vermişdi.

Britaniya komandası Belçika Qran Prisi üçün tamamilə yeni arxa qanad konstruksiyası hazırlasa da, bu yeniliyin fırlanan arxa qanad mexanizmi ilə əlaqəsi yoxdur. Bununla belə, McLaren-in də təkmilləşdirdiyi öz hərəkətli arxa qanad sistemini mövsümün növbəti mərhələlərində yenidən istifadəyə verməsi gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et