Xəbəri Kokpitdə Oxuyun!

L.Norris cərimələnib

McLaren, Belçika Qran Prisində Lando Norrisin bolidində icazə verilən limitdən artıq sayda idarəetmə elektronikası blokundan istifadə edəcək. Bu dəyişiklik səbəbindən britaniyalı pilot yarışın startında 10 yer itirəcək.

McLaren-in bu mövsüm idarəetmə elektronikası (Control Electronics) ilə bağlı problemləri əslində Çin Qran Prisində başlamışdı. Həmin yarışda boliddə istifadə olunan ilk idarəetmə elektronikası bloku tamamilə yararsız hala düşmüş və nəticədə Norris yarışa belə başlaya bilməmişdi.

Daha sonra Yaponiya Qran Prisində istifadəyə verilən ikinci blok sərbəst yürüşlər zamanı nasazlıq göstərdiyi üçün boliddən çıxarılaraq təmirə göndərilmişdi. Bu isə McLaren-i qaydalara əsasən icazə verilən üçüncü və son idarəetmə elektronikası blokuna keçməyə məcbur etmişdi.

Yaponiya Qran Prisindən sonra ikinci blok təmir olunsa da, Monako Qran Prisinin ikinci sərbəst yürüşündə yenidən sıradan çıxaraq istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Yaponiyada quraşdırılan və Mayamidən bəri bütün sessiyalarda istifadə edilən mövcud idarəetmə elektronikası bloku indiyədək problemsiz işləsə də, McLaren-in mühərrik təchizatçısı Mercedes bu sahədə etibarlılığı artırmağa yönəlmiş yeniləmələr hazırlayıb.

Komanda daha etibarlı hesab olunan yeni versiyadan istifadə etmək üçün Belçika Qran Prisində Norrisin bolidində dördüncü idarəetmə elektronikası blokunu quraşdıracaq. Bunun nəticəsində isə pilot 10 yerlik start cəriməsi alacaq.

McLaren bu cəriməni Macarıstan və ya Zandvoort mərhələlərində deyil, ötmələrin daha asan olduğu Spa-Frankorşam trasında çəkməyi daha məqsədəuyğun hesab edib.

Komandanın məqsədi mövsümün qalan hissəsini bu dördüncü idarəetmə elektronikası bloku ilə başa vurmaq, həm etibarlılığı maksimum səviyyəyə çatdırmaq, həm də Norrisin gələcək yarışlarda əlavə start cərimələri almasının qarşısını almaqdır.

Rauf Hacıyev

Şərh əlavə et