Lando Norris və Oskar Piastri bu həftəsonu keçiriləcək Belçika Qran Prisində Mercedes-in ən son güc qurğusu yeniləməsindən istifadə edəcəklər. Mercedes zavod komandası etibarlılığı artırmağa yönəlmiş bu yenilənmiş güc qurğusunu ilk dəfə iki yarış əvvəl Avstriya Qran Prisində Kimi Antonelli və Corc Rassellin bolidlərinə quraşdırmışdı.
Mercedes-in digər müştəri komandaları Alpine və Williams isə bu yeniləməyə bir həftə sonra, Silverstoun mərhələsində keçid etmişdilər.
McLaren-in yeni mühərriyə daha gec keçməsinin səbəbi isə tamamilə strateji qərar olub. Mövsümün ilk hissəsində etibarlılıq problemləri yaşayan komanda mövcud güc qurğusu komponentlərinin istismar müddətini maksimum dərəcədə istifadə etməyi üstün tutub.
Xüsusilə mart ayında keçirilən Çin Qran Prisində həm Norrisin, həm də Piastrinin yarışa çıxmasına mane olan iki fərqli batareya problemi səbəbindən komanda bir sıra komponentləri vaxtından əvvəl dəyişmək məcburiyyətində qalmışdı.
Belçika Qran Prisi ilə birlikdə hər iki McLaren pilotu ilk dəfə ən son spesifikasiyalı güc qurğusu ilə yarışacaq. Bundan əlavə, komanda cümə günü keçiriləcək sərbəst yürüşlərdə tamamilə yeni arxa qanad konstruksiyasını da sınaqdan keçirəcək.
Britaniya komandası daha əvvəl Avstriya Qran Prisinə fərqli “Macarena” tipli arxa qanad gətirmişdi. Lakin son anda bu sistemi trasda yoxlamaqdan imtina etmişdi.
McLaren-in mühəndislik üzrə texniki direktoru Nil Holdi həftəsonu öncəsi bunları deyib: “Enerji idarəetməsinin son dərəcə vacib olacağı bu həftəsonuna geniş simulyasiya proqramı ilə çox yaxşı hazırlaşmışıq. Spa-Frankorşam trasına avtomobilin inkişaf proqramının bir hissəsi olaraq uzun müddətdir üzərində işlədiyimiz yeni arxa qanadla gəlirik. Bu yeniləmənin bolidə müəyyən qədər performans qazandıracağına əminik. Ancaq sürət baxımından bizim üçün çətin keçən Britaniya Qran Prisindən sonra bu yarışın da asan olmayacağını bilirik. Buna görə də rəqabət balansında çox böyük dəyişiklik gözləmirik”.
McLaren həmçinin bildirib ki, avtomobilin ilkin konsepsiyasında müəyyən dəyişikliklər edib və Macarıstan Qran Prisi üçün daha əhatəli yeniləmə paketi hazırlayırlar.




Şərh əlavə et