Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Yolun əvvəlindəyik

Ferrari-nin rəhbəri Frederik Vassör komandanın inkişafından, bolidin potensialından və rəqiblərin yeniliklərlə bağlı fikirlərindən danışıb.

Sual: Barselonadakı qələbədən sonra Lyuis Avstriya mərhələsini komanda üçün “real yoxlama” adlandırmışdı. Ferrari-nin Şpilberqdəki çıxışını necə qiymətləndirirsiniz?

Frederik Vassyör: Bu, bizim ən yaxşı yarışımız deyildi. Sıralanma turunda layiqli çıxış etdik, amma yarışda istədiyimiz alınmadı. Bu həftəsonu belə ssenarinin təkrarlanmaması üçün çalışırıq.

Hazırda hamımız bu bolidlərin inkişafının ilk mərhələsindəyik. Təkərləri daha yaxşı anlamaq lazımdır. Hamıda nəticələr ötən illə müqayisədə bir qədər daha çox dəyişir — beş il eyni bolid və eyni təkərlərlə işlədikdən sonra indi sazlanmalarda və təkərlərin idarə olunmasında müəyyən səhvlərə yol veririk. Keçən il bu, xeyli daha nadir baş verirdi. Düşünürəm ki, həftədən-həftəyə nəticələrin bu qədər dəyişməsinin səbəbi də məhz budur.

Sual: Avstriyada nə öyrəndiniz ki, bu, Silverstounda daha yaxşı çıxış etməyinizə kömək etsin?

Frederik Vassyör: Bunu özümdə saxlayacağam.

Sual: Lyuis 2026-cı ilin yarışlarından açıq-aşkar zövq alır, Şarl isə hələ özünü rahat hiss etmir. Onun problemi nədədir və ona kömək etmək üçün hansı həll yollarını təklif edirsiniz?

Frederik Vassyör: Mənə elə gəlir ki, Çin və Yaponiya yarışlarından sonra sizin fikriniz tam əksinə idi. Əgər iki dəfə komanda yoldaşından öndə finiş görüb, sonra iki dəfə ona uduzmusansa, bu, ümumi mənzərəni dəyişmir. Son iki-üç yarışda Şarlın sazlanmalarla bağlı bir qədər daha çox çətinliyi olub, amma ötən həftə Avstriyada o, birinci sıradan start alıb.

Sual: Ona necə kömək etdiniz? Şəxsi səviyyədə hansısa dəstəyə ehtiyacı var idi?

Frederik Vassyör: Düşünürəm ki, bütün sürücülərə komandanın dəstəyi lazımdır, komandanın da sürücülərin dəstəyinə ehtiyacı var. Biz istənilən vəziyyətdə vahid komanda kimi işləyirik. Komanda sürücünü dəstəkləyir, sürücü isə komandanı irəli aparır.

Sual: Bolid üzərində fəal işləyirsiniz. Yeniliklərin tətbiqi ilə büdcə məhdudiyyəti arasında balans tapmaq nə dərəcədə çətindir?

Frederik Vassyör: Totonun şərhlərini nəzərdə tutursunuz? Bu mənə gülməli gəldi, xüsusən də bunu Mercedes-dən Totonun dediyini nəzərə alsaq. Red Bull inkişafla məşğul olanda və ya Mercedes inkişafla məşğul olanda onlar dahidirlər. Biz inkişafla məşğul olanda isə fırıldaq edirik. Düşünürəm ki, bununla bağlı bir qədər sakitləşməlisiniz. Biz Red Bull-dan və ya başqalarından daha çox yenilik gətirməmişik. Bilmirəm, bu zarafat idi, ya yox, amma…

Sual: Sizcə, Toto sizi fırıldaqda ittiham edirdi?

Frederik Vassyör: Əgər kiməsə elə gəlirsə ki, biz xərc limitini aşırıq, deməli, hər şeyi düzgün edirik.

Sual: İyirmi il əvvəl siz burada GP2-də Lyuislə birlikdə hər iki yarışı qazanmışdınız. Onun Ferrari ilə Silverstounda qələbəsi sizin üçün nə ifadə edərdi?

Frederik Vassyör: Ferrari üçün və mənim üçün bu, fərqli şeylərdir. Bəli, 20 il əvvəl həmin həftəsonunu əla keçirmişdik. Məncə, məhz o həftəsonundan sonra McLaren növbəti il Lyuisə sükan arxasında yer vermək qərarına gəlib. Bu, emosional an idi.

Ferrari-yə və digərlərinə gəlincə, düşünürəm ki, bu həftəsonu bu qədər azarkeşin olması inanılmazdır. Yarış ətrafındakı həvəsin səviyyəsi sadəcə möhtəşəmdir. Hətta cümə axşamı tribunalar demək olar ki, tam dolu idi, bu, həqiqətən xüsusi bir şeydir.

Sual: Bu mövsüm bir çox komanda yenilikləri fəal şəkildə tətbiq edir. Toto niyə məhz sizi seçib? Mövsüm boyu bu tempi saxlamaq üçün kifayət qədər resursunuz olacaq?

Frederik Vassyör: Niyə mənim haqqımda danışdığını Totodan soruşun. Bunu məndən soruşmayın. Heç bir fikrim yoxdur, bu mənə bir az qəribə gəldi.

Mənim fikrimcə, mövsümün əvvəlində nə qədər çox sürət qazanmaq mümkün olsa, bir o qədər yaxşıdır. Qarşıda çox yarış olduğu yay əvvəlində bir neçə onda bir saniyə qazanmaq, mövsümün demək olar ki, başa çatdığı payızın sonunda bunu etməkdən daha yaxşıdır.

Bəzən elə təəssürat yarana bilər ki, biz ciddi dəyişikliklər edirik, amma bu, sadəcə bəzi detalların modifikasiyasıdır, bundan artıq deyil.

Sual: Lyuis mövsümü əla keçirir. Onunla müqavilənin uzadılmasını artıq müzakirə edirsiniz? Gələn il onun 42 yaşı olacaq. Sizcə, o, Ferrari-də hələ nə qədər çıxış edə bilər?

Frederik Vassyör: Lyuislə növbəti mövsüm üçün müqaviləmiz var, indi onun uzadılmasını müzakirə etmək tezdir.

Sual: Fred, yenə bolidin təkmilləşdirilməsi barədə. Rəqiblərin Ferrari haqqında danışmasından və bəlkə də etdiklərinizə bir qədər qıcıqlanmasından razısınız? Bu, Ferrari-nin daha yaxşı işlədiyi anlamına gəlirmi?

Frederik Vassyör: Avstriyadan sonrakı şərhləri xatırlayırsınız? Barselonadan sonra bizi tərifləyirdilər, Avstriyadan sonra isə tənqid edirdilər. Nəticə çıxarmağa tələsmək lazım deyil.

Biz bu maşınla yolun hələ əvvəlindəyik. Onun effektivliyini artırmaq, sazlanmalar və təkərlərlə işləmək üçün böyük potensialımız var və bəzən bu potensial gətirdiyimiz yeniliklərdən qat-qat böyük olur. Bəzən yenilik gətirirsən, o işləyir, amma sazlanmalarda səhvə yol verirsən və temp itirirsən. Sadəcə sakit qalmaq lazımdır.

Gilanur Huseynova

Şərh əlavə et