Startda Kamara liderliyi qoruya bilməyib. Aleks Dann daha yaxşı sürətlənərək ilk döngəyə qədər liderliyə yüksəlib, Rafael Villaqomes isə Mini-ni dördüncü yerə sıxışdırıb. Lakin artıq ilk dövrədə Oliver Götenin narıncı rəngli Dallara bolidinin trasda dayanmasına görə təhlükəsizlik avtomobili trasa çıxıb. Texniki problem yaşayan pilot yarışdan çəkilən ilk və son sürücü olub.
Restartdan sonra ilk beşlik belə sıralanıb: Dann – Kamara – Villaqomes – Mini – Niko Varrone. Altıncı yer uğrunda isə Nikola Tsolov və Kolton Herta arasında mübarizə başlayıb. Dünən podium uğrunda mübarizə apararkən son dövrədə səhv edən və fürsəti əldən verən amerikalı pilot bu dəfə daha aqressiv çıxış edərək bolqar rəqibini geridə qoyub.
Tsolov Hard təkərlərlə start aldığı üçün mövqelər itirməyə davam edib. Onu Dino Beqanoviç və Martinius Stenshorn da ötüblər. Lakin tezliklə Campos Racing-in strategiyasının o qədər də pis olmadığı üzə çıxıb. Altıncı dövrədən sonra lider qrupdakı sürücülər yumşaq təkərlərin sürətlə performans itirdiyindən şikayət etməyə başlayıblar. Bu isə onların yaxın zamanda məcburi pit-stop edəcəyini və Tsolovun irəliləyəcəyini göstərib.
Pit-stop edən ilk sürücü Martinius Stenshorn olub, lakin o, ilk onluqdan kənarda mübarizə aparırdı. Ön sıralarda isə Kamara Dannı sıxışdırmağa çalışsa da, lider mövqeyini geri ala bilməyib. Bu arada Mini rəqibi Villaqomesi keçərək üçüncü yerə yüksəlib.
13-cü dövrədə Rafael Villaqomes pitə yollanıb. Kamara yenidən hücum etsə də, Dann bu hücumu da dəf edib. Növbəti dövrədə isə liderlərdən ilk olaraq Dann Hard təkərlər üçün pitə daxil olub. Ardınca Herta və Mini də eyni addımı atıblar.
Mini trasa 15-ci yerdə qayıdıb. İndi əsas diqqət Kamaranın pit stopundan sonrakı vəziyyətə yönəlib. Hələlik pitə baş çəkənlər arasında ən sərfəli mövqedə onuncu yerdə gedən Dann olub.
Nikola Tsolov isə hələ təkər dəyişməyə tələsməyib. Komanda radio vasitəsilə ona bildirib ki, pit stopdan sonra qayıdan sürücülər trafikə düşəcəklər və bu, Campos Racing pilotunun işinə yarayacaq. Həmin anda Tsolov Kamaradan 15 saniyə geridə ikinci yerdə gedir və fərqi tədricən azaldırdı.
Kamara yalnız 22 dövrə yumşaq təkərlərlə sürdükdən sonra pit-stop edib. Bütün əsas rəqiblərinin, o cümlədən trasa dördüncü yerdə qayıdan Tsolovun pit-stoplarından sonra braziliyalı yenidən liderliyə yüksəlib. Ondan 1,5 saniyə geridə Dann, daha sonra Mini gedib. Nikola isə sürətlə ilk üçlüyə yaxınlaşırdı.
Son dövrələrdə hadisələr məhz gözlənildiyi kimi inkişaf edib. Finişə dörd dövrə qalmış Tsolov Mini-ni keçərək üçüncü yerə yüksəlib və dərhal Dannı təqib etməyə başlayıb. Campos Racing pilotunun təkərləri daha yaxşı işlədiyindən, 35-ci dövrədə maraqlı mübarizədən sonra Aleks Dannı da geridə qoyub. Dann sona qədər müqavimət göstərsə da, Tsolov daha sürətli olub.
Lakin qalan üç dövrədə Kamaraya çatacağına inanmaq çətin idi. Braziliyalı rəqibindən təxminən səkkiz saniyə öndə gedirdi.
Yarış məhz bu sıralanma ilə başa çatıb. Ötən ilin Formula 3 Çempionu Rafael Kamara Formula 2-də ilk qələbəsini qazanıb. Nikola Tsolov ikinci, Aleks Dann isə üçüncü yeri tutub.
Bununla belə, ən vacib məqam başqa olub: Qabriyele Mini yalnız dördüncü yerdə finiş gördüyü üçün Barselona mərhələsinin yekununda Nikola Tsolov Formula 2 çempionatının yeni liderinə çevrilib.




Şərh əlavə et