FIA İtaliya təkər istehsalçısı ilə mövcud müqavilənin uzadılması bəndindən istifadə edib və bununla bağlı həm FOM, həm də Pirelli ilə razılıq əldə olunub. Şirkət Formula 1 və onunla əlaqəli çempionatların Qlobal tərəfdaşı statusunu da saxlayacaq.
Bu bənd Pirelli, FIA və Formula 1 arasında 2023-cü ildə imzalanmış müqaviləyə daxil edilmişdi. Həmin vaxt tərəflər əməkdaşlığın 2027-ci ilin sonuna qədər davam etməsi barədə razılığa gəlmiş, müqavilədə isə daha bir mövsüm uzadılma imkanı nəzərdə tutulmuşdu.
Beləliklə, Pirelli təkcə Formula 1-ə deyil, həm də Formula 2 və Formula 3 çempionatlarına təkər tədarük etməyə davam edəcək.
Muhammed bin Sulayem: “Pirelli uzun illərdir Formula 1-in mühüm tərəfdaşıdır və performans, texnoloji yeniliklər və təhlükəsizlik baxımından ən yüksək standartlara cavab verən məhsullar təqdim edir.
Müqavilənin 2028-ci ilə qədər uzadılması çempionata sabitlik təmin edəcək, eyni zamanda da FIA, Formula 1 və Pirelli arasında mövcud olan güclü əməkdaşlığı əks etdirir”.
Stefano Domenikali: “Pirelli ilə əməkdaşlığımızın tarixi son dərəcə uğurlu şəkildə inkişaf edir. Bütün bu illər ərzində onların yüksək texniki imkanlarına, ən yaxşı nəticələrə can atmalarına, innovasiyalara və ətraf mühitə məsuliyyətli yanaşmalarına arxalanmışıq.
Buna görə FIA ilə birlikdə əməkdaşlığımızı daha bir il uzatmaqdan məmnunam. Biz mövcud reqlament çərçivəsində mümkün olanın sərhədlərini genişləndirməyə davam etdikcə, Pirelli-nin ən yüksək keyfiyyətə sadiqliyi bütün komandaların rahat işləməsinə imkan verir. Çünki onlar dünyanın ən mükəmməl yarış təkərlərindən birini əldə etdiklərini bilirlər”.
Marko Tronketti Provera: “FIA və Formula 1 ilə əldə olunmuş razılaşma sayəsində Formula 1-də iştirakımızı daha bir il – 2028-ci ilə qədər uzatmaqdan məmnunuq.
Ötən il 500 Qran Pri həddini keçdik. Bu uzun əməkdaşlıq dövründə texnologiya və innovasiya sahəsində ciddi çağırışlarla üzləşmiş və uğurlar qazanmışıq. Pirelli sadəcə təchizatçı deyil, federasiya və promouterlə birlikdə həyata keçirilən iş sayəsində çempionatın populyarlığının artmasına töhfə verən strateji tərəfdaşdır.
Formula 1 innovasiyaların və ən müasir texniki həllərin sınaqdan keçirilməsi üçün ən yaxşı laboratoriyadır və biz tədqiqat və inkişaf prosesini daim təkmilləşdiririk. Gələcəkdə bundan seriya avtomobilləri üçün istehsal olunan təkərlər də faydalanacaq”.




Şərh əlavə et