Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Problemin səbəbini bilmirəm

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, bolidin tərzi dah çox Kimi Antonelliyə uyğundur. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monako Qran Prisinin sıralanma turunda altıncı yeri tutub. Komanda yoldaşı Kimi Antonellinin poul qazandığını nəzərə alsaq, bu heç də yaxşı nəticə deyil.

Corc Rassell: “Problemin nədə olduğunu bilsəydim, indi bu cür izahat verməyə ehtiyac qalmazdı. Mövsümün əvvəlində hər şey çox rahat gedirdi. Məşqlərdə və bütün sıralama sessiyalarında demək olar ki, hər dövrədə ya ən yaxşı, ya da ən pis halda ikinci nəticəni göstərirdim.

Amma son üç mərhələdə həmin nəticələrə heç yaxınlaşa bilməmişəm. Hətta Kanadada belə normal dövrə vurmaq üçün həqiqətən mübarizə aparmalı oldum və sonda buna nail oldum. Bununla belə, orada müəyyən xüsusi amillər rol oynadı və bir qədər də şansım gətirdi.

Lakin hazırda niyə yalnız altıncı yerdə olduğumu özüm də başa düşmürəm. Əlbəttə, bunun bir hissəsi builki bolidin mənim təbii sürüş tərzimə keçənilki maşın qədər uyğun olmaması ilə bağlıdır. Kimi ilə bizim sürüş üslubumuz fərqlidir.

Detallara çox varmaq istəmirəm, ancaq bu həm keçən il aydın görünürdü, həm də indi görünür. Aydındır ki, builki bolid ona çox yaxşı uyğun gəlir. Mən isə uyğunlaşmalıyam və bunun üçün əlimdən gələni edəcəyəm. Amma bu yenə də mövsümün əvvəlində hər şeyin niyə mənim üçün bu qədər asan olduğunu izah etmir”.

Rauf Hacıyev

Şərh əlavə et