Xəbəri Kokpitdə Oxuyun!

McLaren 1000-ci yarışına hazırlaşır

Qarşıdan gələn Monako Qran-prisində McLaren komandası əlamətdar yubileyini qeyd edəcək. Bu, komandanın Formula 1-də 1000-ci yarışı olacaq. Keçirdiyi yarışların sayına görə Vokinq təmsilçisi yalnız Ferraridən geri qalır.

Bu hadisənin şərəfinə Monako və İspaniya Qran-prisi mərhələlərində MCL40 bolidi xüsusi rəng çalarında yarışacaq. Yeni dizaynda McLaren-in ənənəvi papaya rəngi antrasit elementlərlə birləşdirilib.

Rəng çalarında komandanın tarixinə aid çoxsaylı istinadlar yer alıb – ilk yarışdan qələbələrə, çempionluqlara, “Üçlü Tac” uğuruna və rekord sürətli pit-stopa qədər bir çox detal dizaynda əksini tapıb. Sürücülərin kombinezonları da bolidlə eyni üslubda hazırlanıb.

1000-ci Qran-pri münasibətilə iyunun 4-də Monako trasının start düzülüşündə xüsusi tədbir keçiriləcək. MCL40 ilə yanaşı, hazırda Richard Mille kolleksiyasına məxsus olan tarixi McLaren M2B bolidi də nümayiş etdiriləcək.

Tədbirdə komandanın icraçı direktoru Zek Braun, rəhbəri Andrea Stella, sürücülər Lando Norris və Oskar Piastri, həmçinin McLaren-ə Formula 1-də qələbələr qazandırmış keçmiş pilotlar iştirak edəcəklər. Hazırda həyatda olan bütün McLaren qalibləri tədbirə dəvət olunub. Dəvət alanlar arasında Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali də var.

 

Zek Braun: “McLaren-in Formula 1-də 1000-ci yarışını məhz Monakonun start düzülüşündə qeyd etmək komandamızın zəngin avtoidman tarixini xatırlamaq üçün ideal məqamdır. Biz bu inanılmaz göstəriciyə çatan cəmi ikinci komandayıq və bu, keçmişə nəzər salmaq, bu günü qiymətləndirmək və gələcəyi düşünmək üçün ən yaxşı fürsətdir.

Tarixi boyunca komanda yalnız uğurlu dövrlərdə deyil, çətin zamanlarda da xarakter və əzmkarlıq nümayiş etdirib. McLaren heç vaxt təslim olmur və bu xüsusi rəng çaları, eləcə də cümə axşamına planlaşdırılan tədbir keçdiyimiz yolu göstərmək üçün əla vasitədir.

1966-cı ildə Monakoda keçirdiyimiz ilk yarışdan bu günə qədər əldə etdiyimiz nailiyyətləri qeyd etmək üçün bolidi trasa çıxarmağı səbirsizliklə gözləyirik. Qarşıda bizi daha min Qran-pri gözləyir”.

Lando Norris: “Komandamız üçün çox xüsusi həftəsonudur, çünki həqiqətən inanılmaz bir nailiyyəti qeyd edirik. Yeni rəng sxemi möhtəşəm görünür və belə yubileyi təqvimin ən əlamətdar traslarından birində, komandanın ilk Qran-prisini keçirdiyi məkanda qeyd etməkdən daha yaxşı seçim ola bilməz.

McLaren-in bu qədər zəngin tarixinə kiçik də olsa töhfə verə bildiyim üçün qürur duyuram. Uşaqlıqda McLaren-ə heyranlıqla baxırdım və bu gün bu komandanı təşkil edən insanları onun 1000-ci yarışında təmsil etmək mənim üçün böyük şərəfdir”.

Oscar Piastri: “Bu xüsusi rəng çalarında trasa çıxmağı səbirsizliklə gözləyirəm. 1000-ci Qran-pri komanda üçün nəhəng nailiyyətdir və belə bir anda McLaren-i təmsil etmək mənim üçün böyük şərəfdir.

Bolid möhtəşəm görünür və bu qeyd etmənin məhz komandanın 60 il əvvəl dünya çempionatında ilk dəfə start aldığı trasda keçirilməsi də çox simvolikdir.

Həftəsonunu mümkün qədər güclü keçirmək və imkan olsa, bu hadisənin şərəfinə kuboku evə aparmaq üçün əlimizdən gələni edəcəyik. Mininci Qran-pri münasibətilə! Ümid edirəm ki, McLaren ilə qarşıda məni hələ çox yarış gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et