Xəbəri Kokpitdə Oxuyun!

MotoGP İspaniya: Markes xaotik sprinti qazanıb

MotoGP üzrə İspaniya Qran-prisinin sprint yarışının qalibi Mark Markes olub.

Sprintə poul mövqeyindən başlayan Mark Markes yaxşı start alaraq ilk döngəyə lider daxil olub. İkinci yerdə Yohann Zarko qərarlaşıb.

Startın itirənlərindən biri Marko Bezzekki olub. Belə ki, o, 17-ci yerə, Toprakın arxasına qədər geriləyib və yarış boyu mövqeyini bərpa etməyə çalışıb.

İlk dövrə tamamlanmadan Xorxe Martin ilə Aleks Markes arasında üçüncülük uğrunda gərgin mübarizə yaşanıb. Bu mübarizənin sonunda Martin trasdan çıxaraq yarışı dayandırmalı olub. Fabio Di Ciannantonio isə 4-cü yerə yüksəlib. Bir dövrə sonra Aleks Markes Zarkonu keçərək qardaşının arxasına yerləşib.

Yarışın bitməsinə 10 dövrə qalmış yağış güclənib və sürücülərə motosiklet dəyişmək icazəsi verilib. Bu anda Zarko ilə Di Ciannantonio arasında podium uğrunda təkər-təkərə mübarizə gedib. Sonrakı dövrələrdə Zarko mövqelər itirərək 6-cı yerə düşüb.

İki dövrə sonra Aleks Markes liderlik uğrunda hücum məsafəsinə qədər yaxınlaşıb və Mark Markesi keçərək liderliyi ələ alıb.

Bitimə 5 dövrə qalmış Toprak Lorenzo Savadori ilə təmas yaşayıb və hər iki sürücü qəza edərək yarışı tərk edib. Az sonra Mark Markes də 13-cü döngədə yıxılsa da, motosikletinə minib yarışa davam edə bilib və yağışın güclənməsi ilə pitə daxil olub.

Pitə girməyən Aleks Markes lider gedərkən qəza edib. Fabio Di Ciannantonio liderliyə yüksəlib, lakin daha sonra o da pitə gəlib. Cek Miller və Pedro Akosta da qəza edənlər arasında olublar.

Sürücülərin çoxu pitə daxil olarkən Fermin Aldeqer trasda qalaraq liderliyə yüksəlib, lakin o da trasda qala bilməyərək qəza edib və pitə qayıdaraq yağış təkərlərinə keçib. Bred Binder və Marko Bezzekki də qəza edənlər sırasında yer alıblar.

Bitimə 3 dövrə qalmış Mark Markes Françesko Banyayaya əla hücum edərək liderliyi geri alıb.

Xeresdə keçirilən 12 dövrəlik xaotik sprint yarışının qalibi Mark Markes olub. Françesko Banyaya ikinci, Franko Morbidelli isə üçüncü olub. Bred Binder dördüncü, Fabio Di Ciannantonio beşinci yeri tutub. Onları Raul Fernandez və Fabio Kuartararo izləyib.

Rauf Hacıyev

Şərh əlavə et