Sessiyadan əvvəl Xeresdə hava buludlu idi və yüngül yağış yağırdı. Trasın islanması səbəbilə bütün sürücülər yağış təkərləri ilə çıxış ediblər və xüsusilə sərt əyləc nöqtələrində çətinlik yaşayıblar.
Eyni zamanda Red Bull komandasının sabiq rəhbəri Kristian Horner də Honda-nın boksunda sessiyanı yaxından izləyib.
Yarım saatlıq geri sayımın başlaması ilə sürücülər trasa çıxıblar və 2-ci sərbəst yürüş start götürüb.
Artıq ilk dövrədə Mark Markes 4-cü döngədə motosikletini yavaşıda bilməyərək çınqıllı zonaya çıxıb. Lakin yıxılmayıb və qaçış zolağından istifadə edərək vaxt itirmədən trasa qayıdıb.
Sessiyanın ilk 5 dəqiqəsindən sonra sürücülər sürətli dövrəyə hazır idilər. İlk dövrəsini atan Mark Markes 1:49.376 nəticə ilə müvəqqəti liderliyə yüksəlib.
Xoan Mir isə 13-cü döngədə yaş asfaltda əyləci düzgün idarə edə bilməyərək, çınqıla çıxıb. Qəza nəticəsində motosikletinə zərər dəyən sürücü boksa qayıdıb.
Sessiyanın 10-cu dəqiqəsində Toprak trasa çıxaraq çox yaxşı dövrə vurub və 2-ci yerə yüksəlib. Çətin hava şəraitinə baxmayaraq, lider Markesdən cəmi 0.386 saniyə geri qalıb və rəqabətə davamlı olduğunu göstərib.
Fabio Kuartararo 1:50.412 nəticə ilə 13-cü olub. Son düzlükdə motosikletini çətinliklə idarə etsə də, problemi nəzarətdə saxlayaraq pitı qayıdıb.
Sessiyanın son 10 dəqiqəsinə yaxın ilk onluqda olan sürücülər sazlanma dəyişiklikləri üçün boksa qayıdıblar. Son dəqiqələrdə yenidən trasa çıxan sürücülər həm məlumat toplamaq, həm də yarış strategiyası üçün limitləri yoxlamağa başlayıblar.
Pedro Akosta 1:48.862 nəticə ilə liderliyi ələ keçirərək, Mark Markesi geridə qoyub. Bu zaman Toprak 1:51.147 nəticə ilə 3-cü yerə düşüb və əvvəlki nəticəsini yaxşılaşdıra bilməyib.
Sessiyanın bitməsinə 5 dəqiqə qalmış Mark Markes qurumağa başlayan hissələri düzgün qiymətləndirərək 1:49.373 ilə 2-ci yerə yüksəlib.
13-cü döngədə Fermin Aldeqer sürüşərək qəza edib və motosikletdən yıxılıb. O, ayağa qalxsa da, axsaya-axsaya boksa qayıdıb.
Sessiyanın sonlarında Toprak 13-cü döngədə çox təhlükəli an yaşayıb. Motosiklet trayektoriyadan çıxsa da, türkiyəli sürücü dizini yerə qoyaraq qəzanın qarşısını alıb. Bu epizoddan sonra komandasının üzvləri onu alqışlayıblar. Toprak son dövrələrdə nəticəsini yaxşılaşdırmaq istəsə də, sarı bayraqlar səbəbilə sürətli dövrələr ləğv olunub.
Beləliklə, sessiya başa çatıb və Pedro Akosta lider olub. Mark Markes 2-ci yeri tutub.




Şərh əlavə et