Xəbəri Kokpitdə Oxuyun!

Ferrari tətilin nə olduğunu bilmir

Formula 1-də yarışlar dayansa da Ferrari üçün temp heç azalmayıb. Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin ləğvi ilə yaranan beşhəftəlik fasilə kənardan istirahət kimi görünsə də, Maranelloda işlər fasiləsiz davam edib.

Motorsport.com-un Ferrari-nin Maranellodakı bazasında keçirdiyi bir gün göstərib ki, komanda bu dövrü fürsətə çevirib. Zavodda intensiv iş rejimi qorunarkən, texniki heyət mövsümün ilk yarışlarından toplanan məlumatları dərindən etməyə fokuslanıb.

Ferrari-nin texniki direktoru Loik Serra bildirib: “Daha çox vaxtımızın olması bizə dərin analiz aparmaq imkanı verdi. Yeni yarış məlumatları gəlməmiş mövcud məlumatı daha detallı işləyə bilirik”.

Komanda bu müddətdə Pirelli təkər testləri, Mucelloda TPC proqramı və Monzada çəkiliş günü kimi sıx qrafiki effektiv şəkildə idarə edib.

İdman direktoru Dieqo Yoverno isə vəziyyəti belə yekunlaşdırıb: “Hansı fasilə? Əslində heç fasilə olmayıb. Sadəcə bu vaxtı fərqli dəyərləndirdik”.

F1 logistikasında görünməyən çətinliklər

Formula 1-də logistika kənardan qüsursuz görünsə də, yarışların ləğvi sistemin nə qədər həssas olduğunu bir daha göstərib. Mövsümöncəsi testlərdən sonra Bəhreyndə qurulan pit avadanlıqları olduğu kimi saxlanılıb və hələ də oradadır.

Komandalar adətən yeddi fərqli qaraj komplekti istifadə edir və xərcləri azaltmaq üçün bu avadanlıqlar dəniz yolu ilə daşınır. Təqvimdəki dəyişikliklər isə bu planlamanı ciddi şəkildə çətinləşdirir.

Dieqo Yoverno: “Avadanlıq daşınması artıq büdcə limitinə daxildir. Bəhreyndə qalan avadanlıqları necə geri gətirəcəyimizi planlaşdırırıq. Azərbaycan Qran Prisi üçün hazır olmalıyıq, amma alternativ planlarımız da var”.

Pit-stop məşqlərinə fokus

Ferrari bu dövrdə ən çox pit-stop performansına diqqət yetirib. Mövsümöncəsi sıx proqram səbəbindən komanda planlaşdırdığı məşqlərin yalnız üçdə birini edə bilmişdi.

Yoverno bunu belə izah edib: “Mövsümə əvvəlki illərlə müqayisədə daha az pit-stop məşqi ilə başladıq. Test proqramı çox sıx idi”.

Müasir Formula 1-də pit heyəti sabit olmur. 27 nəfərlik komanda rotasiya ilə işləyir və bu da hər kəsin daim formada qalması üçün müntəzəm məşqləri vacib edir.

Dieqo Yoverno: “Heç bir yarışda eyni pit heyəti olmur. Bu səbəbdən bu fasilə bizim üçün çox dəyərli oldu. Buraxdığımız məşqləri kompensasiya etdik”.

Suzuka yarışından sonra Ferrari pit heyəti hər gün məşq edib. Üç fərqli qrupun növbəli sistemi Mayami və sonrakı yarışlar üçün ciddi hazırlıq rolunu oynayıb.

Nəticə olaraq, Ferrari üçün bu dövr istirahət deyil, əksinə intensiv hazırlıq mərhələsi olub. Məlumat analizi, test proqramları, logistika planlaması və pit-stop məşqləri ilə komanda mövsümün davamına daha güclü qayıtmağı hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et