Xəbəri Kokpitdə Oxuyun!

Avtoidmanda faciə: Miettinen dünyasını dəyişib

NLS seriyasının Nürburqrinqin “Şimal döngəsi”ndə keçirilən şənbə yarışı startdan təxminən yarım saat sonra yeddi avtomobilin iştirakı ilə baş verən ciddi qəza səbəbindən qırmızı bayraqlarla dayandırılıb.

Yarış iki saatdan çox bərpa olunmayıb və daha sonra restart verilməyəcəyi açıqlanıb. Ardınca keçirilən mətbuat konfransında təşkilatçılar faciəli xəbəri təsdiqləyiblər. Keeevin Motorsport komandasının BMW 325i bolidini idarə edən finlandiyalı pilot Yuha Miettinen dünyasını dəyişib.

Xilasedicilər hadisə yerinə tez çataraq onu avtomobildən çıxarıb və trasın tibbi mərkəzinə çatdırsalar da, 66 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb. Qəzada iştirak edən digər pilotlar da tibbi müayinədən keçirilib, lakin onlarda ciddi xəsarət qeydə alınmayıb.

Bu səbəbdən şənbə yarışı tam ləğv olunub. Bununla belə, bazar günü günorta Nürburqrinqdə həftəsonunun ikinci yarışı – NLS5 keçiriləcək və startdan əvvəl Miettinenin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Həmin axşam yarışda iştirak etməli olsa da sükan arxasına keçməyə macal tapmayan Maks Ferstappen sosial şəbəkədə paylaşım edərək bunları yazıb: “Bu gün baş verənlər məni sarsıtdı… Hamımız avtoidmanı sevirik, amma belə günlər onun nə qədər təhlükəli olduğunu xatırladır. Yuhanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Rauf Hacıyev

Şərh əlavə et