İtalyan sürücü 2026-cı il MotoGP mövsümünün Tailand mərhələsində keçirilən ilk məşqi lider tamamlayıb. Buriramda 45 dəqiqə davam edən sessiyanın böyük hissəsində liderliyi qoruyan Aprilia sürücüsü 1:29.346 zaman nəticəsi ilə mövsümün ilk rəsmi sessiyasında ən sürətli vaxtı göstərib və ən yaxın rəqibini 0.110 saniyə qabaqlayıb.
VR46 Dukati komandasından Fabio Di Cianantonio 1:29.456 ilə ikinci olub və ən sürətli Ducati sürücüsü kimi yadda qalıb. Xorxe Martin 1:29.551-lik dövrə ilə üçüncü pilləyə yüksəlib, Ai Oquranın dördüncülüyü isə Aprilia düşərgəsinə əlavə üstünlük qazandırıb. Beləliklə, ilk dörd pillənin üçü RS-GP modelinə məxsus olub və İtaliya istehsalçısı mövsümün açılış günündə kollektiv formada əla performans sərgiləyib.
Sessiyanın ən diqqət çəkən məqamlarından biri Xorxe Martinin 12-ci döngədə yaşadığı qəza olub. 2024-cü ilin dünya çempionu mövsümün ilk yıxılmasını qeydə alıb, lakin muftaya vaxtında basaraq mühərriki söndürməyib və yeni qaydaya əsasən servis yolundan start götürmək məcburiyyətindən yayınmağı bacarıb. Yenidən trasa qayıdan Martin üçüncü yerə yüksələrək, qəzanın tempə təsirinin olmadığını göstərib.
Aprilia-nın güclü görüntüsü paddokda müzakirə olunan texniki detallarla da müşayiət olunub. RS-GP modelində düzlüyə çıxış zamanı sürücünün dirsəyi ilə bağlana bildiyi iddia edilən F-Duct tipli sistem diqqət çəkib. Hava çıxışlarında istifadə olunan yumşaq rezin quruluş isə bu dizaynın məqsədli şəkildə möhürlənə bildiyini düşündürüb. Düzlükdə nümayiş etdirilən sabit performans bu sistemin təsiri ilə bağlı sualları artırıb.
KTM tərəfində Pedro Akosta 1:29.678 ilə beşinci olub və ən sürətli KTM sürücüsü kimi seçilib. Ducati Lenovo komandasından Mark Markes altıncı, Françesko Banyaya isə yeddinci yeri tutub. Markes liderdən 0.426 saniyə geri qalıb, Banyaya isə 0.445 saniyə fərqlə ilk yeddiliyi tamamlayıb. Ducati sürücüləri ilk onluqda geniş təmsil olunaraq sıxlıq yaradıblar.
Honda tərəfində Luka Marini 10-cu yerlə ən sürətli HRC sürücüsü olub, Xoan Mir isə 12-ci pillədə qərarlaşıb. Mir son döngədə əyləcləmə zamanı arxa təkərin sıçraması səbəbindən trayektoriyadan çıxıb və məyusluğunu sükanı yumruqlayaraq göstərib. Honda-nın, Yamaha kimi, arxa ilişmə problemini həll etməyə çalışdığı müşahidə olunub.
Yamaha düşərgəsində mövsümün əvvəlində homologasiya olunan yeni ön qanad ilk rəsmi sessiyada istifadə edilib. Lakin Fabio Kuartararo 1:30.470 nəticə ilə 18-ci olub və döngə çıxışlarında aqressiv vibrasiya ilə mübarizə aparıb. Yeni V4 konsepsiyasında güc ötürülməsinin hələ də incə tənzimləmə tələb etdiyi görünüb. Cek Miller 20-ci, Maverik Vinyales isə 19-cu sırada yer alıb.
Debütant Toprak Razqatlıoğlu üçün Tailanddakı ilk rəsmi MotoGP həftəsonunun səhəri texniki adaptasiya baxımından əhəmiyyətli olub. Dünya Superbike çempionu olan sürücü testlərin böyük hissəsində motosikletin hündürlük limitləri səbəbindən arxa aero elementlərdən istifadə etmədən sürüb.
Buriramdakı ilk məşqdə isə Prima Pramac Yamaha M1 ilə arxa qanadla trasa çıxıb. 1:31.109 nəticə ilə 21-ci olan Toprak liderdən 1.763 saniyə geri qalıb. Səhər sessiyasında əsas diqqət tək sürətli dövrəyə deyil, motosikletin aerodinamik balansını və arxa ilişmə xüsusiyyətini anlamağa yönəlib. MotoGP-yə keçid prosesində bu ilk rəsmi addımda məlumat toplamaq prioritet olub.
Sürücülərin əksəriyyəti səhər sessiyasında arxa təkərdə orta qarışıqdan istifadə edib, ön tərəfdə isə yumşaq və orta qarışıq seçilib. Tras şəraitinin yaxşılaşması və birbaşa Q2-yə keçidi müəyyənləşdirəcək günortadan sonrakı məşqlə birlikdə real sıralama tempinin daha aydın görünəcəyi gözlənilir. 2026-cı il mövsümü Buriramda Aprilia-nın üstünlüyü ilə başlayıb, lakin günün ikinci hissəsində balansın necə dəyişəcəyi maraq doğurur.
Sessiya nəticələri
| # | Sürücü | Komanda | Dövrə | Fərq | Vaxt |
| 1 | M. Bezzecchi | Aprilia Racing Team | 17 | – | 1’29.346 |
| 2 | F. Di Giannantonio | Team VR46 | 16 | +0.110 | 1’29.456 |
| 3 | J. Martin | Aprilia Racing Team | 19 | +0.205 | 1’29.551 |
| 4 | A. Ogura | Trackhouse Racing Team | 20 | +0.309 | 1’29.655 |
| 5 | P. Acosta | Red Bull KTM Factory Racing | 19 | +0.332 | 1’29.678 |
| 6 | M. Marquez | Ducati Team | 21 | +0.426 | 1’29.772 |
| 7 | F. Bagnaia | Ducati Team | 19 | +0.445 | 1’29.791 |
| 8 | F. Morbidelli | Team VR46 | 19 | +0.588 | 1’29.934 |
| 9 | A. Marquez | Gresini Racing | 19 | +0.666 | 1’30.012 |
| 10 | L. Marini | Repsol Honda Team | 21 | +0.722 | 1’30.068 |
| 11 | R. Fernandez | Trackhouse Racing Team | 16 | +0.726 | 1’30.072 |
| 12 | J. Mir | Repsol Honda Team | 17 | +0.736 | 1’30.082 |
| 13 | A. Rins | Yamaha Factory Racing | 18 | +0.922 | 1’30.268 |
| 14 | J. Zarco | Team LCR | 20 | +1.001 | 1’30.347 |
| 15 | E. Bastianini | Tech 3 | 17 | +1.001 | 1’30.347 |
| 16 | D. Moreira | Team LCR | 18 | +1.029 | 1’30.375 |
| 17 | B. Binder | Red Bull KTM Factory Racing | 19 | +1.045 | 1’30.391 |
| 18 | F. Quartararo | Yamaha Factory Racing | 19 | +1.124 | 1’30.470 |
| 19 | M. Viñales | Tech 3 | 19 | +1.144 | 1’30.490 |
| 20 | J. Miller | Pramac Racing | 19 | +1.493 | 1’30.839 |
| 21 | T. Razgatlıoğlu | Pramac Racing | 18 | +1.763 | 1’31.109 |
| 22 | M. Pirro | Gresini Racing | 19 | – | – |




Şərh əlavə et