Xəbəri Kokpitdə Oxuyun!

F1-də işıqlar nə işə yarayır?

FIA 2026-cı ilin Formula 1 bolidlərində istifadə olunacaq işıq siqnalizasiyasının iş prinsiplərini izah edən qısa video yayımlayıb.

 

Arxa fənər – əsas siqnal elementi

Sistemin əsasını rəng dəyişə bilən arxa fənər təşkil edir.

Mavi işıq

Arxa fənər mavi yanıb-sönürsə, bu o deməkdir ki, sükan arxasındakı sürücünün tam yarış lisenziyası yoxdur. Məsələn, yalnız sərbəst yürüşlərdə iştirak etməyə icazə verən lisenziyaya malik pilot ola bilər.

Qırmızı işıq və üç səviyyəli göstərici

Əsas rejim qırmızıdır və güc qurğusunun azaldılmış rejimdə işləməsini göstərir:

  •  Bir dəfə yanıb-sönmə – MGU-K maksimal 350 kVt elektrik enerjisindən daha az güc verir.
  •  İki dəfə yanıb-sönmə – MGU-K ümumiyyətlə enerji vermir.
  •  Ardıcıl sürətli yanıb-sönmə – MGU-K batareyanı doldurma rejimindədir, daxiliyanma mühərriki isə tam gücdə işləyir.

Digər hallarda işıq siqnalı

Arxa fənərin işıq indikatoru aşağıdakı situasiyalarda da aktivləşə bilər:

  • real və ya virtual təhlükəsizlik avtomobili zamanı;
  • aşağı asfaltla ilişmə rejimi elan edildikdə;
  • mühərrikin dayanmasının qarşısını alan sistem, yalnış neytral və sürət məhdudlaşdırıcısı aktiv olduqda;
  • mühərrik trasda dayandıqda;
  • maşının sürəti 20 km/saatdan aşağı düşdükdə;
  • ikiqat sarı bayraqlar zonasında;
  • keçid (intermediate) və ya yağış təkərləri istifadə edilərkən.

Yeni konstruksiya

2026-cı ildə arxa fənərin dizaynı da yenilənib:

  • Oval forma alıb;
  • Təxminən 180 qram yüngülləşdirilib;
  • Kamera və mikrofonla təchiz olunub.

Arxa qanadın yan lövhələrindəki indikatorlar həmişə qırmızı rəngdədir və əsas arxa fənərin yanıb-sönmə sxemini təkrarlayır.

Güzgülərdə yeni siqnallar

Bu ildən etibarən yan güzgülərdə sarımtıl-narıncı rəngli yeni işıqlar quraşdırılıb. Onlar həm yandan, həm də öndən görünür və maşın 20 km/saatdan yavaş hərəkət etdikdə və ya trasda dayandıqda aktivləşir. Məqsəd – digər sürücüləri xəbərdar etməkdir.

Start zamanı necə işləyir?

Yarış startı zamanı bu indikator yalnız maşın neytral ötürmədə olduqda yanacaq və sürücü start proseduruna hazırlaşarkən ötürmə qoşulan kimi sönəcək.

Beləliklə, 2026-cı il bolidlərində işıq siqnalizasiya sistemi həm təhlükəsizlik, həm də texniki vəziyyət barədə daha detallı və vizual məlumat ötürəcək.

Rauf Hacıyev

Şərh əlavə et