Xəbəri Kokpitdə Oxuyun!

Testlərin dördüncü günündə Rassell at oynadıb

Barselonada komandalar beş test günündən istədikləri üç günü seçərək işləyə bilirdilər və Mercedes üçün dördüncü gün üçüncü və son iş günü olub. Gözlənildiyi kimi, Mercedes üçün ilk testlər həm qət edilən məsafəyə, həm də sürətə görə uğurlu keçib. Son gündə komanda kvalifikasiya və yarış simulyasiyası həyata keçirib.

Corc Rassell artıq indidən 2026-cı ilin çempionu kimi göstərilir, lakin biz nəticə çıxarmağa tələsməyək. Mercedes-in əla forması ilə razılaşmaq olar, amma bir şərtlə. Belə ki, rəqibləri hələ ümumiyyətlə sürət üzərində işləməyib və qət edilən məsafəyə görə də ciddi geri qalmayıblar. Ümumiyyətlə isə bu, hələ çox müəmmalı mövsümün əvvəlində keçirilən ilk testlərdir.

Red Bull Racing Ayzek Hacarın çərşənbə axşamı qəzasından sonra maşını bərpa etmək üçün ehtiyat hissələrini gözlədiyinə görə bir günü buraxıb və cümə günü işləməyi planlaşdırıb. Haas F1-də də tələsməyərək dünənki texniki problemlərdən sonra maşını bərpa edib səbəbləri araşdırmaq üçün trasa çıxmamaq qərarı verilib.

Gün ərzində Mercedes, Ferrari və Racing Bulls aktiv işləyib. Bu komandalar pilotları dəyişərək proqramlarını davam etdiriblər. Hamı Aston Martin-in çoxdan gözlənilən ilk çıxışını gözləyirdi. Komanda gecikmələr səbəbilə proqramını iki günə endirmişdi, lakin həmin iki günü də tam işləyə bilməyib.

Ədrian Nyui tərəfindən hazırlanan yeni maşının debütü bir qədər qarışıq alınıb, ancaq “yaşıllar” 37 gün sonra Melburnda hamıdan sürətli olsalar, bunu xatırlayan da olmayacaq.

Günün sonunda Ləns Stroll nəhayət trasa çıxıb – testlərin bitməsinə cəmi bir saat qalmış. Maşın vizual olaraq olduqca qeyri-adi görünürdü və yaxın günlərdə mütəxəssislər Nyuinin yeni əsərini detallı şəkildə analiz edəcəklər ki, bu da intriqanı artıracaq. Komanda isə işi bir az da çətinləşdirmək üçün qara maşının ağ-qara fotosunu yayımlayıb.

Lakin AMR26 demək olar ki, dərhal onuncu döngədə dayanıb və qırmızı bayraqların çıxmasına səbəb olub. Sabah bu maşının sükanı arxasına Fernando Alonso keçəcək. Nyui özü də trasda olub, özü də əlində adət etdiyi dəftərlə.

Günün və bütün həftənin ən sürətli nəticəsini Corc Rassell göstərib – 1:16.445. Sabah Barselonada bu test seriyasının son günü keçiriləcək.

Barselonada testlərin 4-cü gününün nəticələri

Pilot Ən sürətli dövrə Dövrə sayı
Corc Rassell 1:16.445 78
Kimi Antonelli 1:17.081 90
Şarl Lekler 1:18.223 83
Oskar Piastri 1:18.419 48
Arvid Lindblad 1:18.451 47
Lyuis Hemilton 1:18.654 87
Liam Louson 1:18.840 64
Serxio Peres 1:21.024 66
Lens Stroll 1:46.404 5

 

Barselonada dörd günlük “shakedown”dan sonra komandaların tamamladığı dövrələr

Komanda Dövrə sayı
Mercedes 502
Racing Bulls 319
Ferrari 293
Haas 196
Alpine 185
Red Bull 176
McLaren 124
Cadillac 110
Audi 95
Aston Martin 4

 

Rauf Hacıyev

Şərh əlavə et