Xəbəri Kokpitdə Oxuyun!

Williams testləri buraxacaq

Williams komandası 26–30 yanvarda Barselonada keçiriləcək ilk testləri buraxacağını təsdiqləyib.

Testlərin buraxılmasının rəsmi səbəbi “FW48 layihəsi üzərində işdə yaranmış gecikmələr” kimi göstərilib. Qeyri-rəsmi olaraq isə bu ifadənin arxasında komandanın FIA-nın məcburi krəş-testlərindən keçməkdə çətinliklərlə üzləşdiyi anlaşılır.

Komandanın yaydığı bəyanatda deyilir: “Williams komandası FW48 layihəsi üzərində işdə yaranmış gecikmələr səbəbindən gələn həftə Barselonada keçiriləcək testlərdə iştirak etməmək qərarı verib. Bu prosesdə məqsədimiz maşını mümkün qədər sürətli etməkdir. Gələn həftə Barselonaya getmək əvəzinə, komanda bir sıra testlər keçirəcək, o cümlədən 2026-cı il maşını ilə virtual trasda sınaqlar aparılacaq. Bu işlər rəsmi testlərə – Bəhreyndəki sınaqlara və mövsümün ilk yarışı olan Melburn Qran-prisinə hazırlıq məqsədi daşıyır.

Biz trasa qayıtmağı səbirsizliklə gözləyirik və dəyişməz dəstəyə görə bütün azarkeşlərimizə təşəkkür edirik. 2026-cı ildə bizi çox maraqlı hadisələr gözləyir”.

Qeyd edək ki, bu, Williams-ın son illərdə testlərə hazır ola bilmədiyi ilk hal deyil – 2019-cu ildə komanda testlərin iki gün yarımını buraxmışdı.

Rauf Hacıyev

Şərh əlavə et