Xəbəri Kokpitdə Oxuyun!

Mercedes boz zonaya görə nə qədər qazanacaq?

Alman mətbuatına görə Mercedes-in 2026-cı il üçün hazırladığı mühərrikdə istifadə olunan mübahisəli sıxılma nisbəti təxminən 15 at gücü üstünlüyü yarada bilər.

Auto Motor und Sport jurnalının yazdığına görə, Mercedes 2026-cı il Formula 1 mühərriyini dizayn edərkən texniki reqlamentdəki “boz zona”dan yararlanıb. İddiaya əsasən, mühərrikin sıxılma nisbəti soyuq vəziyyətdə 16.0 səviyyəsində olub, iş temperaturuna çatdıqda isə 18.0-ə qədər yüksəlib. Bu fərq, hələ 2026-cı ilin maşınları təqdim olunmamışkən komandalar arasında ciddi gərginlik yaradıb.

Yanvarın 22-də FIA ilə bütün mühərrik istehsalçılarının iştirak edəcəyi iclas keçiriləcək.. Ferrari, Audi və Honda FIA-ya rəsmi məktub göndərərək, bu mühərrik konseptinin qadağan edilməsini tələb edib. Məktubda texniki reqlamentin 1.5-ci maddəsinə istinad edilərək, maşınların yarışın hər anında tam qaydalara uyğun olması tələbi vurğulanıb. Red Bull isə bu məsələdə neytral mövqe tutub.

Auto Motor und Sport sıxılma nisbətinin 16.0 əvəzinə 18.0-ə yüksəlməsinin təxminən 15 at gücü üstünlük yaratdığını qeyd edib. FIA-nın bu mərhələdə qaydalara dərhal müdaxilə etməyə meyilli olmadığı bildirilib, lakin mövsüm ərzində tələblərin sərtləşdirilməsi ehtimalı da tam istisna olunmayıb.

Mümkün Mercedes üstünlüyü halında bu mövzunun daha da böyüyə biləcəyi vurğulanıb. Mercedes mühərrikləri 2026-cı il mövsümündə təkcə baza komandasında deyil, həmçinin McLaren, Williams və bu ildən etibarən Alpine tərəfindən də istifadə olunacaq.

Rauf Hacıyev

Şərh əlavə et