2024-cü il mövsümünün sonunda Sauber-dəki yerini itirən Quanyu Çjou 2014–2018-ci illərdə üzvü olduğu Ferrari Sürücü Akademiyası sayəsində Maranello təmsilçisinə test və ehtiyat pilot kimi geri qayıtmışdı. Lakin Ferrari tərəfindən yayımlanan rəsmi açıqlama ilə Quanyu Çjounun bu vəzifədən ayrıldığı təsdiqlənib.
Çinli sürücü Ferrari-də ehtiyat pilot rolunu Antonio Covinatsi ilə birlikdə icra edirdi. Covinatsi isə bu funksiyanı Ferrari adına Dünya Dözümlülük Çempionatında (WEC) baza pilotu kimi yarlşmaqla paralel şəkildə davam etdirirdi.
Çjou Quanyu Ferrari-yə qayıdışından əvvəl verdiyi açıqlamalarda, daimi yarış yeri tapa bilmədiyi təqdirdə uzunmüddətli ehtiyat pilot rolunda “ilişib qalmaq” istəmədiyini açıq şəkildə bildirmişdi: “Formula 1-də çox sürətli və çevik olmalısan. Əgər bir imkan yaranırsa, onu dərhal dəyərləndirməlisən. Daim gözləsən, sonsuza qədər üçüncü pilot olaraq qala bilərsən. Bu isə mənim istədiyim ssenari deyil”.




Şərh əlavə et