Beynəlxalq Avtomobil Federasiyası, 2026-cı ildən tətbiq olunacaq texniki reqlament çərçivəsində mümkün boşluqların qarşısını almaq üçün qaydalara əlavə dəyişikliklər edib. Yeni nəsil güc qurğuları yalnız innovativ quruluşlarına görə deyil, eyni zamanda ətraflarında yaranan mübahisələr səbəbindən də yenidən gündəmin mərkəzinə çıxıb.
The Race nəşrinin məlumatına görə, FIA mühərrik istehsalçılarının qaydaları pozmaq ehtimalına qarşı texniki reqlamentdə mövcud olan daha bir “boz sahəni” bağlayıb. Bu addım, 2026-cı il qaydalarını pozmaq üçün müəyyən axtarışların qarşısını almaq kimi qiymətləndirilib.
Dəyişikliklərin diqqət mərkəzində yanacaq sərfiyyatının ölçülmə üsulu dayanıb. 2026-cı ildən etibarən Formula 1-də yalnız sintetik yanacaqdan istifadə olunacaq. Əvvəlki illərdə tətbiq edilən saatda 100 kiloqramlıq yanacaq kütlə axını limiti ləğv olunub, onun yerinə yanacağın enerji axını əsas götürülüb. Yeni maksimum hədd saatda 3000 meqacul olaraq müəyyənləşdirilib.
Bu dəyişiklik ölçmə sistemlərinin də yenilənməsini zəruri edib. Daha əvvəl avtomobillərdə iki ayrı yanacaq axını sensoru mövcud idi: biri komandaların, digəri isə FIA-nın nəzarəti üçün. Yeni dövrdə isə Almaniyanın Allengra şirkəti tərəfindən istehsal olunan, ultrasəs texnologiyasına əsaslanan vahid standart sensor istifadə ediləcək. Çətin iş şəraitinə uyğun hazırlanmış bu kompakt cihazdan alınan məlumatlar həm komandalar, həm də FIA ilə eyni vaxtda paylaşılacaq.
FIA son aylarda texniki reqlamentə əlavə etdiyi dəyişikliklərlə sensorlar üzərindən mümkün manipulyasiyaların da qarşısını almağı hədəfləyir. Oktyabr ayında qaydalara yanacaq axını sensorlarının qəsdən qızdırılmasını və ya soyudulmasını qadağan edən maddə əlavə olunub. Bu isə nəzəri baxımdan ölçmələrə və ya yanacaq tərkibinə təsir göstərə biləcək cəhdlərin müzakirə mövzusu olduğunu göstərib.
Beynəlxalq Avtoidman Şurasının son iclasında isə bu maddə daha da genişləndirilib. Yeni redaksiyaya əsasən, yanacaq sensorlarının temperaturunu dəyişdirməyə yönəlmiş istənilən cihaz, sistem və ya prosedur açıq şəkildə qadağan edilib. Beləliklə, əvvəlki mətnin əhatə etmədiyi potensial üsulların da qarşısı alınmış olub.
Bu cür cəhdlərin həqiqətən baş verib-vermədiyi dəqiq bilinməsə də, FIA adətən komandaların diqqət çəkdiyi mümkün boşluqları əvvəlcədən bağlamağa üstünlük verir. Məqsəd tərəflərin bu sahələrdən üstünlük qazanmasının qarşısını almaqdır.
Bununla yanaşı, Mercedes və Red Bull-un mühərriklərində sıxılma nisbətinin artırıldığına dair iddialar hələ də gündəmdə qalmaqdadır. Bu mövzunun yaxın həftələrdə Formula 1 aləmində daha geniş müzakirə olunacağı artıq indidən görünür.




Şərh əlavə et