Texniki strukturunu gücləndirməyi davam etdirən Silverstoun mərkəzli Aston Martin komandası səth dizayn departamentinin rəhbərliyini Pablo Vaskes Fernandesə tapşırıb.
Təcrübəli mühəndis noyabr ayından etibarən Aston Martin-də fəaliyyətə başlayıb. Vaskes Formula 1 karyerası ərzində ancaq Enstoundakı bazada işləyib. O, əvvəlcə Renault, daha sonra isə Alpine adı ilə yarışan komandada fəaliyyətdə olub. O, 2016-cı ildə Formula 1-ə qədəm qoyub və burada ümumilikdə 10 mövsüm çalışıb.
Aston Martin-də səth dizaynı üzrə baş mühəndis vəzifəsini icra edəcək Vaskesin əsas ixtisas sahəsi də məhz bu departament olub. Formula 1 karyerasına daha aşağı vəzifələrdən başlayan ispan mütəxəssis zamanla lider dizayner mövqeyinə yüksəlib və Alpine-də bu məsuliyyəti üzərinə götürüb.
LinkedIn profilində yer alan məlumata görə, Vaskes noyabr ayında Alpine-dən ayrılıb və elə həmin ay Aston Martin-ə qoşulub. Bu səbəbdən onun üçün nəzərdə tutulan məcburi gözləmə müddətinin ya çox qısa olduğu, ya da ümumiyyətlə tətbiq edilmədiyi bildirilib. Bu da mühəndisin yeni komandasında işə dərhal başlamasına imkan verib.
Pablo Vaskes Fernandes yani iş yerində Adrian Nyuinin rəhbərlik etdiyi texniki strukturun bir üzvü olacaq.
Bu transferlə birlikdə Aston Martin-də ispan təmsilçilərin sayı da artıb. Fernando Alonso komandanın əsas siması olaraq qalmaqda davam edərkən, Pedro de la Rosa, Mari Boya və Pablo Vaskes Fernandes texniki heyətdə mühüm rolları üzərilərinə götürüblər.




Şərh əlavə et