Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin JCB ilə müqaviləni uzadıb

Aston Martin F1 komandası Britaniyanın ağır texnika və xüsusi nəqliyyat vasitələri istehsalçısı olan JCB şirkəti ilə uzunmüddətli tərəfdaşlığın uzadıldığını açıqlayıb.

Tikinti, kənd təsərrüfatı, sənaye tullantılarının utilizasiyası və digər sahələr üçün texnika istehsal edən JCB Böyük Britaniyanın ən iri özəl şirkətlərindən biri sayılır. Şirkət müxtəlif növ yükləyicilər, traktorlar, samosvallar və oxşar avadanlıqlar istehsal edir.

Komandanın mətbuat xidmətinin yaydığı məlumata görə, bu əməkdaşlıq sadəcə sponsorluq və Aston Martin bolidlərində loqotiplərin yerləşdirilməsi ilə məhdudlaşmır. Tərəfləri texniki mükəmməlliyə və innovasiyalara canatma, eləcə də Britaniya mühəndislik nailiyyətlərinin qlobal miqyasda tanıdılması kimi ortaq dəyərlər birləşdirir.

JCB ilə əməkdaşlıq 2019-cu ildə başlayıb və şirkət komandanın ən uzunmüddətli tərəfdaşlarından biri olub.

JCB istehsalı olan texnikalar 2023-cü ildə istifadəyə verilmiş Silverstoundakı yeni baza kompleksinin inşasında, eləcə də 2025-ci ildə istismara buraxılmış müasir aerodinamik borunun tikintisində geniş şəkildə tətbiq olunublar.

Aston Martin F1-in kommersiya və marketinq üzrə idarəedici direktoru Cefferson Slek bildirib: “Tərəfdaşlığımızın əsasını ortaq dəyərlər və Britaniya mühəndislik potensialına olan səmimi inam təşkil edir. JCB komanda hələ formalaşarkən, yeni düşərgəmizi inşa etdiyimiz dövrdə bizimlə olub və indi də Aston Martin F1-in qarşısında duran uzunmüddətli hədəflərə doğru irəliləməsində bizi dəstəkləyir. Komanda yeni mövsümə hazırlaşır və biz bu əməkdaşlığın davam etməsindən qürur duyuruq”.

Rauf Hacıyev

Şərh əlavə et