Amerikalı komanda, 6–8 mart tarixlərində keçiriləcək Avstraliya Qran Prisi ilə Formula 1-in 11-ci komandası kimi peletona qoşulacaq.
F1-in ABŞ-də populyarlığını artırmaq məqsədilə “amerikalı komanda” kimliyinə xüsusi önəm verən Cadillac, yeni bolidin rəng çalarlarını da məhz amerikalı tamaşaçıya daha güclü şəkildə çatdırmaq üçün Super Bowl səhnəsinə çıxarıb.
Cadillac F1 komandasının rəhbəri Den Tourris, 2026-cı ildə Santa Klarada keçiriləcək Super Bowl barədə belə danışıb: “Super Bowl, Amerika mədəniyyətində idman, əyləncə və hekayə mövzularının birləşdiyi nadir anlardandır.
Bu, Cadillac Formula 1 Komandasının kimliyini əks etdirən bir səhnədə təqdim etmək imkanı verir. Amerika mirasımızla qürur duyuruq və özümüzü cəsarətli, yenilikçi və bizə xas şəkildə göstərmək istəyirik.
Bu hələ başlanğıcdır, amma inanılmaz dərəcədə qürur duyduğum bir andır”.
Super Bowl vasitəsilə Cadillac ABŞ-da nəhəng auditoriyaya çata biləcək. Super Bowl yayımı 2025-ci ildə 127,7 milyon nəfər tərəfindən izlənilib və ABŞ televiziya tarixində bir kanalda yayımlanan ən çox izlənilən proqram olub.
Bu, Formula 1-in Super Bowl-da ardıcıl ikinci iştirakı olacaq. 2025-ci il tədbirinin ön proqramında F1 filmi üçün treyler nümayiş etdirilmişdi.
Cadillac 2026-cı il bolidinin təqdimat tarixini açıqlayan beşinci komanda olub. Red Bull və Racing Bulls 15 yanvarı, Alpine 23 yanvarı, Aston Martin isə 9 fevralı elan edib.
Digər tərəfdən, Cadillac reklam yayımlanmadan əvvəl də trasda olacaq. Amerikalı istehsalçı Serxio Peres və Valtteri Bottasın sürəcəyi 2026-cı il bolidini yanvar ayında ilk dəfə trasa çıxarmağı planlaşdırır.
Bu ilkin yürüş, 26–30 yanvar tarixlərində Barselonada keçiriləcək mövsümöncəsi testlərdən dərhal əvvəl baş tutacaq. Daha sonra iki test sessiyası da olacaq: Bunlar Bəhreyndə 11–13 fevralda və 18–20 fevralda baş tutacaq. Bütün bu proses mövsümün açılışı olan Melburn Qran Prisindən əvvəl tamamlanacaq.




Şərh əlavə et