Xəbəri Kokpitdə Oxuyun!

Markes ağrılara baxmayaraq Assendə güclü başlayıb

MotoGP üzrə Niderland Qran Prisinin ilk sərbəst yürüşlərində Mark Markes hamıdan sürətli olub.

45 dəqiqəlik birinci sərbəst yürüş sessiyası Moto3 yürüşündə trasda baş verən yağ axıntısına görə təxminən bir saat gecikmə ilə başlayıb.

Yaşıl işıqlar yandıqdan səkkiz dəqiqə sonra Mark Markes Ducati-sinin əvvəl arxasını, sonra isə ön tərəfini itirib və 200 km/saat sürətlə 15-ci döngədə çınqıllı zonaya çıxaraq qəzaya uğrayıb.
İspaniyalı sürücü qəzadan dərhal sonra sol qolunu yoxlayıb. Paddoka qayıdan Markes MotoGP-nin tibbi direktoru Dr. Anxel Çarte ilə birlikdə yavaş addımlarla bokda gedib. İlkin məlumatlara əsasən onun sol qolu və əli ilə bağlı ciddi ağrılar keçirdiyi bildirilib.

Lakin bu vəziyyət onun geri dönməsinə mane olmayıb. Sessiyanın ortalarında yenidən boksa qayıdan Markes, qalan 20 dəqiqə ərzində növbəti dəfə trasa çıxıb.

Keçirdiyi ağrılara baxmayaraq Markes tempini itirməyib və yeddinci dövrəsində zaman cədvəlinin zirvəsinə yüksəlib. Əfsanəvi sürücü daha sonra nəticəsini bir qədər də yaxşılaşdıraraq ən yaxın rəqibinə 0.313 saniyə fərq atıb.

Tech3 KTM komandasının pilotu Maverik Vinyales sessiyanı ikinci yerdə tamamlayıb. Aprilia komandasının sürücüsü Marko Bezzekki isə güclü performansı ilə üçüncü yeri tutub.

Keçən ilin qalibi Françesko Banyaya sessiyaya sürətli başlasa da, sonradan dördüncü yerə qədər geriləyib.

VR46 komandasının sürücüsü Fabio Di Canantonio beşinci, Yamaha komandasının pilotu Fabio Kuartararo isə motosikletindəki balanssızlığa baxmayaraq, sessiyanı altıncı yerdə başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et