Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-nin növbəti testləri məlum olub

Ferrari komandası Lyuis Həmiltonu yeni mövsümə hazırlamaq üçün daha çox test günü keçirməyi hədəfləyir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü keçənbirinci gün Ferrari-nin Maranellodakı bazasına gedərək, buradakı işçilərlə və mühəndislərlə tanış olub. Yeddiqat Dünya Çempionu ikinci gün simulyatorda işləyib.

Çərşənbə günü isə Fyorano trasında Ferrari F1-75-in sükanı arxasına keçib və sazlanma tapmaq üçün dövrələr vurub. Həmilton gün ərzində 30 dövrə tamamlayıb.

Həmiltonu dəstəkləmək üçün anası Karmen və sabiq məşqçisi Kallin gəlib. Ferrari komandasının rəhbəri Frederik Vassyör və köməkçisi Jerom d’Ambroİo əfsanəvi sürücünü izləyiblər.

Bolidə əvvəlcə Lyuis Həmilton oturub. Nahardan sonra onu Şarl Lekler əvəz edib. Dumanlı hava şəraitində 131 kilometr məsafə – Həmilton 89 kilometr, Lekler 42 kilometr – qət edilib.

İtaliya mətbuatı xəbər verir ki, Ferrari gələn həftə hərtərəfli test üçün Barselonaya gedəcək. Hətta bəzi mexaniklər indidən İspaniyaya gedərək boksları və SF-23 bolidini hazırlamağa başlayıb.

Burada 28-30 yanvar tarixlərində üçgünlük test proqramı reallaşdırılacaq. Şarl Lekler və Lyuis Həmilton gün ərzində növbəli şəkildə bolidə oturacaqlar.

Üçgünlük test proqramından sonra Ferrari Pirelli təkər testlərinə qatılmaq üçün Montmeloda qalacaq. McLaren də 2026-cı il təkərlərini test etmək üçün Barselonaya gedəcək.

Təkər testində Lyuis Həmilton ilk dəfə Ferrari-nin 2024-cü il bolidi SF-24-ü sürəcək, çünki komandalar təkər testi zamanı ən yeni maşınlarını sürməlidirlər.

2026-cə il təkərləri yenə də 18 düyməlik disklərdə olacaq, ancaq ön təkərlər 25 mm, arxa təkərlər isə 30 mm ensiz olacaqlar.

Rauf Hacıyev

Şərh əlavə et