Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Uşaqlıqda bu günü xəyal edirdim

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, uşaqlıq xəyalını reallaşdırıb. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Macarıstan yarışına ikinci yerdən başlasa da, startda komanda yoldaşı Lando Norrisi geridə qoyaraq, liderliyə yüksəlib. Lakin ikinci pitlərdən sonra gənc sürücü komanda yoldaşının gerisinə düşüb və Lando Norris fərqi 6 saniyəyə qədər qaldırıb.

Komanda Lando Norrisə bir neçə dəfə “Piastrini burax” əmri versə də, britaniyalı sürücü bu əmrlərə məhəl qoymab. Lakin yarışın bitməsinə 3 dövrə qalmış Lando birinciliyi yenidən Oskara verib. Beləliklə, Oskar Piastri karyerasının ikinci mövsümündə ilk qələbəsini bayram edib və bu mövsüm yarış qazanmış 7-ci fərqli sürücü olub.

Oskar Piastri: “Bu qələbə mənim üçün çox xüsusidir. Bunu uşaqlıqdan xəyal edirdim. Formula 1 podiumunun ən üst pilləsində dayanmaq…

Sözün açığı yarışın sonlarında vəziyyət bir az qarışıq idi, amma startda özümü doğru yerdə qoydum. Çəkdiləri əziyyətə və verdikləri maşına görə komandama təşəkkür edirəm. McLaren ilə yarışmaq çox əyləncəlidir. Formula 1-də yarışmaq fürsəti verdikləri üçün onlara nə qədər təşəkkür etsəm, azdır və 18 ay ərzində qalib gəlmək inanılmaz hissdir.

McLaren-in maşını hazırda əsl canavardır. Hər şəraitdə sürətlidir. Məncə, bu gün yarışı nəzarətdə saxladıq və hər iki maşınla yarışa hegemonluq edib ilk iki yeri tutmaq inanılmaz hissdir. Komandam adına çox xoşbəxtəm və ilk qələbəmi qazanmaq çox gözəldir”.

Oskar Piastri yarışın son dövrələrində Norrisin ona yer verməsi ilə bağlı bunları deyib: “Onun nə qədər çox lider getdiyini nəzərə alsaq, çox gərginlik yaşadım. Ancaq bu vəziyyət komanda tərəfindən yaxşı nəzarətə götürüldü. Məncə, düzgün olan da bu idi. Startda özümü düzgün yerə qoymuşdum.  Fərqli strategiya seçdiyimiz üçün yarışın sonlarında tempim o qədər də yaxşı deyildi, amma yenə də bu uğuru qazanmaq üçün düzgün mövqedə idim. Yəni ki, komanda bu vəziyyətə çox yaxşı nəzarət etdi”.

Son olaraq Niko Rosberq podiumdan əvvəlki müsahibədə Oskar Piastridən “Daha çox qələbə gələcək?” sualını soruşub. Gənc avstraliyalı pilot ona belə cavab verib: “Ümid edirəm ki, elə olacaq. Məncə, bəzi şeylərin üzərondə işləməliyəm. Qazana bildiyim zaman qələbədən həzz almağa çalışacağam. Komanda mənə çox yaxşı maşın verib. Bunun üçün onlara nə qədər təşəkkür etsəm, azdır. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Qatıldığım hər yarışda yeni şeylər öyrənirəm. Ümid edirəm ki, daha çox qələbələr qazanarıq”.

Rauf Hacıyev

Şərh əlavə et