Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Brivio Alpine-dən ayrılır

Alpine komandası 2023-cü ilin sonunda Davide Brivio ilə yollarını ayıracaq.

Kokpit.az xatırladır ki, italiyalı mütəxəssis 2020-ci ildə MotoGP-də Suzuki ilə Dünya Çempionu olmuş, 2021-ci ildə isə Alpine komandasına rəhbər olaraq gəlmişdi.

Lakin Brivio 2022-ci ildə komanda rəhbərliyindən ayrılmış və gənc sürücü proqramının rəhbəri təyin edilmişdi. İtalyan mütəxəssisin gələn ilin sonuna qədər müqaviləsi olsa da, tərəflər razılığa gələrək, 2023-cü ilin sonunda müqaviləni ləğv ediblər.

İddialara görə Brivio gələn il Repsol Honda MotoGP komandasının rəhbəri olacaq. Yaponiya komandası hazırda MotoGP-də çətin günlər keçirir və Mark Markes oranı tərk edərək, Gresini Ducati komandasına transfer olunub. Buna görə də Honda komandasında köklü dəyişikliklər gedir.

Davide Brivio: “Alpine ilə Formula1-də işləmək avtoidman karyeram üçün qürurverici idi. Formula1-də işləmək çoxdankı arzum idi. Bundan başqa təcrübələrimin bir hissəsini gənc sürücülərlə də bölüşdüm. Buna görə Alpine komandasına təşəkkür edirəm. Komandaya və akademiyaya gələn il üçün uğurlar arzu edirəm. Əminəm ki, əksər sürücülərin karyeralarında uğurlar qazandığını görəcəyik. Bu uğurların bir hissəsində rol oynamaq mənim üçün çox dəyərli olacaq.

Qarşıma çıxan fürsətləri dəyərləndirməyə icazə verdikləri üçün Alpine komandasına təşəkkür edirəm”.

Qeyd edək ki, Britaniya mətbuatı Davide Brivionun Repsol Honda-dan təklif almadığını öyrənib. İtalyan mütəxəssisin növbəti iş yerinin hara olacağı isə hələ məlum deyil.

Rauf Hacıyev

Şərh əlavə et