Szafnauer Lyuis Həmilton və Niko Rosberqin Mercedesdə komanda yoldaşı olduğu dövrdə Force India komandasının rəhbəri idi.
Həmilton və Rosberqin Mercedes-dəki əməkdaşlığı Formula 1 tarixinin ən yaddaqalan komanda yoldaşlıqlarından biri kimi yadda qalıb. Uşaqlıq dostu və komanda yoldaşı kimi başlayan münasibətləri Dünya Çempionluğu uğrunda mübarizə ilə birlikdə böyük rəqabətə çevrilmişdi.
V6 turbo-hibrid mühərriklər dövrünün başlaması ilə Mercedes-in böyük üstünlük əldə etmiş və Həmilton 2014 və 2015-ci illərdə çempion olmuşdu. Rosberq isə 2016-cı ildə cavab verərək Dünya Çempionluğuna yiyələnmişdi.
Almaniyalı pilot karyerasındakı yeganə Dünya Çempionluğunu qazandıqdan bir neçə gün sonra Formula 1-dən təqaüdə çıxacağını açıqlamışdı.
High Performance Racing podkastına qonaq olan Szafnauer Həmiltonun komanda yoldaşına qarşı iki fərqli psixoloji üsuldan istifadə etdiyini iddia edib.
Szafnauer sözlərinə belə başlayıb: “Lyuis psixoloji oyunlar mövzusunda həqiqətən çox yaxşıdır.
Rosberq yarışdan əvvəl futbol topu ilə oynamağı sevirdi. Bilirsiniz, hər kəsin yarışdan əvvəl etdiyi fərqli hazırlıq üsulları var. Məsələn, Qasli bunu tennis topları ilə edir. Kimsə tennis toplarını atır, o da tutur. Rosberq isə futbol topunu yerə vuraraq hazırlaşırdı. Yəqin ki, bu, onu rahatladır və reaksiyalarını iti saxlayırdı. Bəs təxmin edin, Lyuis nə edirdi? Topu gizlədirdi!
Həmçinin yarışdan əvvəl tualetə getməyə ehtiyacınız yarana biləcəyini də bilirdi. Pilotların istifadə etdiyi tualetə girib orada gözləyirdi”.
Szafnauerə bu taktikanın Rosberqə qarşı daha əvvəl digər komanda yoldaşı Mixael Şumaxer tərəfindən də tətbiq edildiyi xatırladılıb.
Podkastın aparıcısı Ceyk Hamfri deyib: “Əslində, tualet məsələsi Monakoda baş vermişdi. Rosberqin tualetdən istifadə etməsi lazım idi. Sonda isə boksun arxasında bir butulkaya ehtiyacını görməyə məcbur qalmışdı”.
Szafnauer isə belə cavab verib: “Deməli, bunu Şumaxer edib. O zaman Lyuis yəqin ki, bunu ondan öyrənib!”




Şərh əlavə et