Xəbəri Kokpitdə Oxuyun!

Lekler gələcək planlarını açıqlayıb

Ferrari komandasının sürücüsü Şarl Lekler Formula 1-də pilotluq karyerasını başa vurduqdan sonra sürücü meneceri kimi fəaliyyət göstərməyə müsbət yanaşdığını açıqlayıb.

Monakolu sürücü qısa müddət əvvəl Ferrari ilə müqaviləsini uzatdığını elan edib. Yeni anlaşma 27 yaşlı pilotun növbəti bir neçə il ərzində İtaliya komandasında qalmasını təmin edəcək.

Leklerin Ferrari ilə uzunmüddətli əlaqəsi var. Monakolu sürücü 2016-cı ildə Ferrari-nin gənc pilot proqramına qoşulub, 2019-cu ildə isə komandanın əsas heyətində Formula 1 debütünü edib.

28 yaşlı Leklerin Formula 1 pilotu kimi qarşıda hələ uzun illəri var. O, Ferrari ilə Dünya Çempionluğu hədəfini davam etdirir.

Bununla belə, Lekler bu yaxınlarda Beyond The Grid podkastına verdiyi müsahibədə sürücü menecmenti məsələsini də dəyərləndirib.

Gələcəkdə belə bir fəaliyyətlə məşğul olub-olmayacağı soruşulan Lekler belə cavab verib: “Şübhəsiz ki, bir gün bu işə başlayacağam.

Menecerim Nikola ilə bu barədə danışmışam. O özü də bu sahədə çalışır. Pilotluq karyeramı başa vurduqdan sonra bu işi birlikdə görməyimizin maraqlı olub-olmayacağını müzakirə etmişik.

Hazırda bu barədə düşünmürəm. İndi bütün diqqətimi, 200 faizlə yarışmağa, pilotluğuma və Ferrari ilə qələbə qazanmağa yönəltmişəm. Amma bu mərhələ başa çatdıqda, böyük ehtimalla burada qalaraq eyni işi davam etdirəcəyəm”.

Bununla yanaşı, Lekler Formula 1-in siyasi tərəfinə cəlb olunmaq istəmədiyini vurğulayıb: “Bu, həqiqətən də məni maraqlandırmır. Sadəcə özüm olmağa və mümkün qədər səmimi davranmağa çalışıram.

Əgər bu yanaşma hansısa münasibətimə zərər verirsə, heç nəyi məcbur etmirəm. Həmişə belə olmuşam. Hər hansı səbəbdən insanlara qarşı nəzakətli davranmağa məcbur qalan biri olmaqdan həmişə nifrət etmişəm.

Mən belə insan deyiləm və heç vaxt dəyişməyəcəyəm. Paddokda hər hansı düşmənim olduğunu düşünmürəm. Buna görə də bu yanaşmam mənə zərər verməyib”.

Rauf Hacıyev

Şərh əlavə et