Xəbəri Kokpitdə Oxuyun!

F1-də VSC və qırmızı bayraq qaydaları yenidən müzakirə olunur

Formula 1-də uzun müddətdir müzakirə edilən bəzi qaydalar ötən həftə yeni Madrinq trasında keçirilən ilk yarışda bir daha gündəmə gəlib. Formula 1 eksperti Qari Anderson da öz fikirlərini irəli sürüb

İlk növbədə virtual təhlükəsizlik avtomobili (VSC) tətbiqindən danışmaq lazımdır. Bəli, hər dəfə trasda avtomobil qaldıqda təhlükəsizlik avtomobilinin trasa çıxması əvəzinə VSC-dən istifadə etmək daha yaxşı həll kimi görünür. Lakin reallıq budur ki, pilotlar sarı və ya ikiqat sarı bayraq qaydalarına tam əməl etsə, həmçinin ardıcıl cəza sistemi tətbiq olunsa, VSC-yə bu qədər tez-tez ehtiyac yaranmazdı.

Hazırkı vəziyyətdə isə bu rejim yarışların gedişinə mənfi təsir göstərir.

Madrinqdə Lando Norrisın yarışı uduzmağa layiq olmadığı açıq idi. Norris mübarizəni tam nəzarətdə saxlayarkən trasdakı mövqeyinə görə Kimi Antonelliyə keçilməli vəziyyətə düşüb. Hətta Antonelli də belə deyib: “Qazanmaq gözəldir, amma bu gün Lando Norrisın qələbəyə layiq olduğunu düşünürəm. Buna görə də zəfərin dadını tam çıxara bilmədim”.

Norrisin öz ifadəsi ilə desək, o, Formula 1 karyerasının ən yaxşı sıralanma dövrəsini vurub və poul mövqeyindən başladığı yarışda Medium tərkibli təkərlərlə yaxşı temp nümayiş etdirib. 14-cü dövrənin sonunda, pit girişini keçdikdən dərhal sonra Ləns Strollun avtomobilini kənara çəkməsi ilə VSC tətbiq olunub. Rəqibləri pit-stop üstünlüyü əldə edərkən, VSC ləğv edildikdən sonra Norris bu üstünlükdən yararlana bilməyib.

Əslində, qaydalarda dəyişiklik etmədən belə, VSC müddətində bütün pilotların ən azı bir dəfə start-finiş xəttindən keçməsi şərti tətbiq olunsa, bu cür vəziyyətlərin qarşısını almaq mümkün olardı.

Beləliklə, bütün pilotlar pit-stop zamanı vaxt itkisinin qarşısını minimuma endirər və yarış nəticəsində təsadüf amili aradan qalxardı.

Oxşar tətbiq təhlükəsizlik avtomobili dövründə də mövcuddur. Təhlükəsizlik avtomobili pit girişində boksa qayıdır, lakin pilotlar start-finiş xəttinə qədər bir-birini keçə bilmirlər. Əlbəttə, Norris yarışı başqa səbəblərdən də uduza bilərdi. Lakin qələbəsinin bu şəkildə əlindən alınması yarışın nəticəsinə birbaşa təsir göstərir.

Burada əsas sual belədir: Bu cür vəziyyətdən gələcəkdə yarışın nəticəsini qəsdən manipulyasiya etmək üçün istifadə oluna bilərmi? Bu yarışda belə hal yaşanmayıb. Ancaq çempionluq mübarizəsinin sonlarına doğru xallar uğrunda sıx rəqabət zamanı bu tətbiq ciddi şəkildə sorğulana bilər.

Bəzi fikirlərə görə, bu qayda yarış məsafəsini azaldır. Lakin bununla razılaşmaq çətindir. Madrinqdəki hadisədə VSC müddəti cəmi 20 saniyə daha uzun davam edəcəkdi və bu, yarışa böyük təsir göstərməyəcəkdi.

Qırmızı bayraq tətbiqindəki problemlər

Digər mübahisəli məsələ isə sıralanma turunda qırmızı bayraq tətbiqidir. Sıralanma zamanı qırmızı bayrağa səbəb olan pilot, adətən yalnız avtomobili zədələndiyi üçün mənfi təsirlə üzləşir. Lakin sürətli dövrə vuran digər pilotlar dövrələrini tamamlaya bilmir və bir dəst təkər itirə bilirlər.

Bəs nə üçün qırmızı bayraq hadisənin baş verdiyi nöqtədən start-finiş xəttinə qədər olan hissə üçün tətbiq edilmir? Beləliklə, hadisə baş verən ərazini keçmiş pilotlar sürətli dövrələrini tamamlaya bilərlər.

Bundan əlavə, tibbi müdaxilə tələb olunduqda tibbi avtomobil pit yolunun sonundan trasa çıxaraq birbaşa qırmızı bayraq zonasına çata bilər.

Bəli, start-finiş xətti ilə hadisənin baş verdiyi ərazi arasında qalan pilotlar yenə də bir dəst təkər itirə bilərlər. Lakin hər vəziyyətdə bütün tərəfləri razı salmaq mümkün deyil. Ən azı bu üsulla bəzi pilotlara üstünlük qazanmaq imkanı yaradılar.

Qırmızı bayrağa səbəb olan pilota cəza verilməsi məsələsinə gəlincə, Formula 2-də qırmızı bayrağa səbəb olan pilotun bütün sıralanma nəticələri ləğv edilir. Bu tətbiq olduqca ağır olsa da, yalnız ən sürətli dövrənin silinməsi daha ədalətli cəza ola bilər. Bu, növbəti mərhələyə keçmək və ya son sıralanma sessiyasında start cərgəsindəki mövqeyi müəyyənləşdirmək baxımından əhəmiyyətli fərq yarada bilər.

Bundan başqa, yarış zamanı qırmızı bayraq verildikdə pilotlara təkər tərkibini dəyişməyə icazə verilməməsi fikri də irəli sürülür. Bununla da yarışın iki fərqli təkər tərkibi ilə başa çatdırılması məcburiyyəti qorunmuş olar.

Əlbəttə, trasdakı dağıntılar səbəbindən təkərlərin zədələnməsi və ya partlaması riskini azaltmaq üçün təkər dəyişdirilməsinə icazə verilə bilər. Lakin bu halda qayda bütün pilotlara bərabər şəkildə tətbiq edilməlidir.

Beləliklə, qırmızı bayraqdan əvvəl boksa daxil olan və olmayan pilotlar arasındakı yarış nəticəsinə təsir edən amillər də azaldıla bilər.

Rauf Hacıyev

Şərh əlavə et