Xəbəri Kokpitdə Oxuyun!

Arzu Hüseynova: 10 il geridə qaldı, qarşıda yeni mərhələ var

10 il əvvəl Bakı Formula 1-in təqviminə daxil oldu. Bu gün isə Bakı yarışının artıq öz tarixçəsi, öz qəhrəmanları və yadda qalan yarışları var.

Şəhərin mərkəzində qurulan Bakı Şəhər Halqası ilk gündən Formula 1 təqviminin ən fərqli ünvanlarından birinə çevrildi. Uzun düzlüklər, dar küçələr, tarixi İçərişəhər fonu və hər an dəyişə bilən yarış ssenariləri Bakını adi şəhər traslarından fərqləndirdi. Bəzən podiumu son dövrələrdə dəyişən yarışlar, bəzən gözlənilməz qaliblər, bəzən də Formula 1 tarixində iz qoyan anlar bu 10 ilin yaddaşına yazıldı.

Amma trasda gördüyümüz mənzərə hekayənin yalnız bir hissəsidir. Bir Qran-Prinin arxasında aylarla davam edən hazırlıq, yüzlərlə insanın işi və şəhərin ritmini Formula 1-in nəhəng logistikasına uyğunlaşdıran mürəkkəb proses dayanır.

Bakı Şəhər Halqasının 10 illik yubileyi münasibətilə şirkətin Mətbuat Katibi Arzu Hüseynova ilə söhbətimizdə məhz bu tarixə fərqli tərəfdən nəzər saldıq. Azərbaycan Qran-Prisinin keçdiyi yolu, yarışın təşkilatçılar üçün yaratdığı çətinlikləri, xaricdən gələn reaksiyaları və bu yarışın ölkəmiz üçün əhəmiyyətini müzakirə etdik.

Söhbətin başqa bir vacib mövzusu isə gələcəkdir. Azərbaycanda ilk dəfə keçiriləcək STEM Racing layihəsi Formula 1-in ölkəmizdəki hekayəsini artıq yalnız yarışın təşkili ilə məhdudlaşdırmır. Söhbət yeni nəslin mühəndislik, texnologiya və avtoidmana cəlb olunmasından gedir.

Bakı Şəhər Halqası ilk 10 ili geridə qoyur. Biz isə onun keçmişinə, bu gününə və qarşıdakı 10 ilə dair planlarına nəzər saldıq.

Sual: Bakı Şəhər Halqasının 10 illik tarixini necə qiymətləndirirsiniz? Bu tarix ərzində ən böyük uğur nə olub?

Arzu Hüseynova: On il ərzində biz Formula 1 Azərbaycan Qran-Prisinin əsl mənada həm sürətli inkişafının, həm də bu uğurun arxasında dayanan gərgin əməyin şahidi olduq. Bu gün isə Azərbaycan Qran-Prisi Formula 1 təqvimində özünəməxsus yeri olan, azarkeşlərin maraqla gözlədiyi yarışlardan biridir.

Azarkeşlərin yüksək marağı görülən işin nəticəsini göstərir. 2025-ci ilin yarış həftəsonunda Bakıda 115 fərqli ölkədən 90 mindən çox iştirak qeydə alındı. 14 mindən çox xarici turist isə məhz Azərbaycan Qran-Prisini görmək məqsədilə ölkəmizə səfər etdi. Erkən bilet satışlarımız 2025-ci ilin dekabrında başladı və qısa müddət ərzində tribunalardakı yerlərin böyük əksəriyyəti satıldı. Və artıq xarici azarkeşlərə satılan biletlərin sayı ötənilki göstəricini ötüb.

Sual: Bakı yarışının artıq özünəməxsus bir xarakteri formalaşıb demək olarmı? Əgər belədirsə, onu fərqləndirən əsas xüsusiyyət nədir?

Arzu Hüseynova: Bəli, tam əminliklə deyə bilərik ki, Azərbaycan Qran-Prisi Formula 1 dünyasında gözlənilməz hadisələrlə dolu yarış olaraq özünəməxsus xarakterini formalaşdırıb. Onu digər Qran-Prilərdən fərqləndirən əsas xüsusiyyəti qədim tarixlə müasirliyin unikal vəhdətidir.

Bakı Şəhər Halqasının unikallığı özündə həmçinin iki ziddiyyətli elementi birləşdirir. Təqvimin ən dar hissələrindən sayılan İçərişəhər hissəsindəki 8 və 12-ci döngələr ilə Neftçilər prospektindəki 2.2 kilometrlik ən uzun düzlüyün bir araya gəlməsi ən maraqlı və gözlənilməz hadisələrə şahid olmağımıza imkan yaradır. Nəticədə yüksək sürət, qəfil ötmələr və təhlükəsizlik maşınının dəfələrlə trasa çıxması Bakını mövsümün ən həyəcanlı yarış mərkəzlərindən birinə çevirir.

Sual: Azarkeşlər yarış zamanı əsasən trasda baş verənləri görür. Onların görmədiyi tərəfdə bir Qran-prinin keçirilməsi üçün ən böyük iş nədən ibarətdir?

Arzu Hüseynova: Televiziya ekranlarında və canlı olaraq gördüyümüz sürət mübarizəsi yarışın yalnız görünən tərəfidir. Azərbaycan-Qran Prisinin təşkilinin arxasında həmçinin böyük əmək və insan resursu dayanır. Bakı Şəhər Halqasının yarışa hazırlanması, trekin hazırlıq vəziyyətinə gətirilməsi və yarışdan sonra demontajı üçün 1400-dən çox mühəndis, texnik və logistika mütəxəssisi cəlb olunur. Onlar yarışın görünməz qəhrəmanlarıdır.

Yarış həftəsonunun qüsursuz keçməsi üçün həmçinin 1,500 nəfərlik təşkilatçı heyət, 1,100 marşal və 2,000 fəal könüllü fəaliyyət göstərir. Bu böyük komandanın hər bir üzvünün əməyi Azərbaycan Qran-Prisinin uğurla keçirilməsinə mühüm töhfə verir.

Sual: Şəhərin mərkəzində Formula 1 keçirmək təşkilatçılara hansı əlavə çətinlikləri yaradır?

Arzu Hüseynova: Milyonlarla insanın diqqətində olan Formula 1 yarışını Bakının mərkəzi küçələrində təşkil etmək bizim üçün əsas çağırışlardan biridir. Bundan əlavə, müvəqqəti beton baryerlər və çəpərlər qurularkən tarixi binaların, xüsusən də UNESCO-nun Ümumdünya İrs siyahısında olan İçərişəhər tarixi abidəsinin mühafizəsi xüsusi dəqiqlik tələb edir.

Artıq illərdir ki, 1400-dən çox texniki əməkdaş quraşdırma işlərini şəhər sakinlərinə və nəqliyyatın hərəkətinə minimum təsir göstərərək ən qısa müddətdə həyata keçirir. İlk illərdə texniki hazırlıq prosesləri 12 ayı əhatə edirdisə, bu gün həmin müddəti artıq 4 aya qədər azaltmağa nail olmuşuq.

Odur ki, hər il qarşımızda duran əsas məsuliyyətlər təhlükəsizlik standartlarını təmin etmək, yaddaqalan bir yarış keçirmək və yarışdan dərhal sonra infrastrukturu demontaj edərək yolları yenidən paytaxt sakinlərinin istifadəsinə verməkdir. Bütün bunlar yalnız böyük əmək və mürəkkəb əməliyyatların peşəkar planlaşdırılması nəticəsində mümkündür.

Sual: Bu il yarış əvvəlki illərdən fərqli olaraq cümə-bazar günləri yox, cümə axşamı-şənbə günləri keçiriləcək. Bu hal tribunalara və tv yayımlarındakı izlənmələrə təsir edəcək?

Arzu Hüseynova: 2026-cı il Azərbaycan Qran Prisi fərqli formatda keçiriləcək. Sərbəst yürüşlərin cümə axşamı başlaması və əsas yarışın ilk dəfə şənbə günü, 26 sentyabrda keçirilməsi həftəsonuna da fərqli dinamika gətirəcək. Bu dəyişiklik azarkeşlərə həftəsonunu daha dolğun və səmərəli planlaşdırmaq imkanı da yaradır. Formula 1 həyəcanının və əyləncə proqramlarının daha tez başlaması azarkeşlərə həm yarışdan zövq almaq, həm də paytaxtımızı daha rahat kəşf etmək üçün şərait yaradacaq. Bu il yubiley münasibətilə əyləncə proqramına xüsusi diqqət ayrılıb. Dənizkənarı Bulvarda geniş əyləncə zonası fəaliyyət göstərəcək və müxtəlif azarkeş fəaliyyətləri təşkil olunacaq.

Tribunalara maraq baxımından artıq müsbət göstəricilərimiz var. Erkən bilet satışları 2025-ci ilin dekabrında başlayıb və qısa müddətdə yerlərin böyük əksəriyyəti satılıb. Xarici azarkeşlərə satılan biletlərin sayı da ötənilki göstəricini keçib. Son üç ildə dörd yeni tribunanın əlavə olunması ilə tamaşaçı tutumu təxminən 6000 yer artıb. Bu il daha bir yeni tribunanın istifadəyə verilməsi ilə ümumi tutum 21 min nəfəri ötüb.

TV yayımlarına gəldikdə isə, əsas məqsədimiz yarışın qlobal auditoriyaya çıxışını qorumaq və daha da genişləndirməkdir. Azərbaycan Qran-Prisinin beynəlxalq televiziya auditoriyası artıq kifayət qədər genişdir. Ötən il ABŞ-da əldə olunan nəticə bunu bir daha təsdiqləyib. ESPN-də Azərbaycan Qran-Prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bununla da yarış ABŞ televiziya tarixində ən yüksək izlənmə göstəricisinə nail olub və 2021-ci ildə qeydə alınmış 970 min tamaşaçı rekordunu geridə qoyub.

Sual: Onilliklə bağlı Azarkeşlər üçün nəzərdə tutulmuş ayrı-ayrılıqda tədbirlər varmı?

Arzu Hüseynova: Bəli, 10 yubiley yarışı yalnız trasdakı möhtəşəm mübarizə ilə məhdudlaşmayacaq. Azarkeşlər üçün yarış həftəsonu ərzində müxtəlif əyləncə proqramları və xüsusi tədbirlər təşkil olunacaq.

Yubiley proqramının əsas fərqlərindən biri dünya ulduzların iştiraki ilə keçiriləcək musiqi proqramıdır. 24 sentyabrda Kalvin Harris, 25 sentyabrda isə Keti Perri Bakıdakı azarkeşlər qarşısında çıxış edəcək. Beləliklə, 10-cu yubiley yarışının həm trekdə, həm də trekdən kənarda yadda qalan bir tədbirə çevrilməsini istəyirik.

Sual: Artıq 10-cu ildir ki, Azərbaycan Formula 1-ə ev sahibliyi edir, indi isə ilk dəfə STEM Racing vasitəsilə bu idmanın mühəndislik və texnologiya dünyasına yeni nəsil yetişdirir. Sizcə, bu layihə sadəcə yeni bir səhifədir, yoxsa Azərbaycanın gələcək mühəndis və avtoidman mütəxəssislərini yetişdirəcək böyük yolun başlanğıcıdır?

Arzu Hüseynova: STEM Racing-in əsas dəyəri gənclərə Formula 1-i yalnız izlənilən idman növü kimi deyil, həm də mühəndislik, fizika, texnologiya və komanda işi ilə bağlı bir sahə kimi tanıtmasıdır. Şagirdlər layihə çərçivəsində nəzəri biliklərini praktikada tətbiq etmək, texniki məsələlər üzərində işləmək və öz ideyalarını inkişaf etdirmək imkanı qazanırlar.

Bizim üçün bu, Formula 1-in Azərbaycanda yaratdığı imkanların davamıdır. On il ərzində Qran-prinin təşkili sahəsində yerli mütəxəssislərin rolu əhəmiyyətli dərəcədə artıb. STEM Racing isə daha gənc yaşlardan bu sahələrə maraq yaratmağa kömək edir.

Əlbəttə, hər iştirakçı gələcəkdə Formula 1-də çalışmayacaq. Amma layihə onların mühəndislik və texnologiya sahələrinə marağını artırırsa, yeni bacarıqlar qazanmasına və gələcək peşə seçiminə kömək edirsə, bu artıq mühüm nəticədir. Biz STEM Racing-i məhz bu baxımdan uzunmüddətli əhəmiyyətə malik təşəbbüs hesab edirik.

Sual: 10 illik yubiley ərəfəsində geriyə baxdıqda, Azərbaycan Qran-Prisi sizin üçün nə ifadə edir?

Arzu Hüseynova: On il ərzində Azərbaycan Qran-Prisi idman yarışından çıxaraq daha geniş təsir və əhəmiyyətə malik beynəlxalq platformaya çevrilib. Bu müddət ərzində biz həm yarışın, həm təşkilati imkanlarımızın, həm də yerli mütəxəssislərin təcrübəsinin inkişafının şahidi olmuşuq. Bu gün Bakı Formula 1 təqvimində özünəməxsus xarakteri və yaratdığı həyəcanla seçilən şəhərlərdən biridir.

Ən böyük nailiyyətlərimizdən biri isə bu yarışın Azərbaycanın beynəlxalq tanıtımına, turizm imkanlarının təqdimatına və yeni nəsildə mühəndislik və texnologiyaya marağın formalaşmasına verdiyi töhfədir. Qarşıdakı illərdə əsas məqsədimiz əldə etdiyimiz bu təcrübə üzərində dayanaraq Azərbaycan Qran-Prisini daha da inkişaf etdirmək, azarkeş təcrübəsini zənginləşdirmək və yarışın Azərbaycana yaratdığı uzunmüddətli dəyəri artırmaqdır. 10 il bizim üçün mühüm bir mərhələdir, amma eyni zamanda növbəti mərhələnin başlanğıcıdır.

Rauf Hacıyev

Şərh əlavə et