Kokpit.az xatırladır ki, fransalı sürücü yay fasiləsi zamanı məşq edərkən biləyindən zədə alıb və həmin vaxtdan etibarən onu Red Bull Racing-də Liam Louson əvəz edib. Red Bull Racing-in ehtiyat pilotu Yuki Tsunoda isə RB F1 Team-də Hacarın yerinə keçib.
Bazar günü keçirilən İspaniya Qran Prisindən sonra Hacarın vəziyyəti və onun Bakıda yarışmaq ehtimalı barədə Mekisə sual veriblər: “Ayzek yaxşıdır, sağalma prosesində heç bir problem yoxdur.
Düşünürəm ki, bu tip zədələr üçün əsasən normal sağalma müddətinin nə qədər olduğunu artıq öyrənmişik. Buna görə də eyni yanaşmanı davam etdirəcəyik.
Bir həftə ərzində vəziyyətini yenidən qiymətləndirəcəyik. Onun vəziyyətini dəyərləndirmək, özünü necə hiss etdiyini görmək və daha sonra simulyatora çıxararaq real şəraitə nə dərəcədə hazır olduğunu yoxlamaq üçün bir həftədən bir qədər çox vaxtımız var.
Əgər özünü 100 faizə yaxın hiss edirsə, davam edəcəyik. Əgər sağalmasının tam başa çatmadığını hiss etsə, sağalma prosesinə üstünlük verən yanaşmamızı davam etdirəcəyik. Erkən qayıdış səbəbindən onun uzunmüddətli perspektivdə 100 faiz gücündə geri dönməsini riskə atmaq istəmirik”.
Bu müddətdə Liam Louson da hər iki komanda üçün hazırlaşmalı olduğundan çox sıx qrafikli dövr keçirəcək. Yeni Zelandiyalı pilot Hacarın vəziyyətində baş verə biləcək dəyişikliklərə qarşı növbəti yarış üçün hər iki avtomobilə hazır olmalıdır.
Liam Louson: “Bazada çox vaxt keçirirəm və əlavə olaraq çoxlu hazırlıq görürəm. Düşünürəm ki, bu həftəki fasilə mənim üçün elə də tətil olmayacaq.
Yəqin ki, Bakıda hansı avtomobillə yarışacağım çərşənbə və ya cümə axşamına qədər bəlli olmayacaq. Hansı avtomobili idarə edəcəyimə zehni olaraq hazırlaşmaq olduqca çətindir.
Lakin eyni zamanda, dediyim kimi, bu avtomobili idarə etdikcə özümü daha rahat hiss edirəm. İndi geri qayıtmaq olduqca çətin olacaq. Sürüş tərzi tamamilə fərqlidir”.




Şərh əlavə et