GPBlog-un əldə etdiyi məlumata görə, Nike Qran Pri həftəsonlarında Formula 1 Management (FOM) əməkdaşlarının geyinəcəyi bütün avadanlıq və geyimləri təmin edəcək.
Bildirilir ki, bu razılaşma aylarla davam edən padokdakı fəaliyyət və pərdəarxası görüşlərdən sonra əldə olunub. Nike-ın yüksək vəzifəli rəhbərləri may ayında keçirilən Mayami Qran Prisində padokda olublar. Şirkət mövsümün daha erkən mərhələlərində isə Cadillac-ın sosial media paylaşımlarında görünməyə başlayıb.
Valtteri Bottas və Serxio Peres Nike ayaqqabıları ilə görüntülənərkən, Mayami həftəsonunda komanda rəhbərlərinə üzərində Cadillac loqosu olan xüsusi Nike Dunk Low modelləri hədiyyə edilib.
İlk mərhələdə Nike-ın Formula 1-ə artan kommersiya marağının göstəricisi kimi qiymətləndirilən bu hadisələr artıq Formula 1 ilə birbaşa geyim əməkdaşlığına çevrilib.
Nike-ın F1 padokuna gəlişi idman geyimləri sahəsindəki əsas rəqibləri Puma və Adidas-ın çempionatdakı mövcudluğunu genişləndirdiyi dövrə təsadüf edir.
Puma hazırda rəsmi Formula 1 məhsullarının istehsalını həyata keçirir, həmçinin Ferrari, Aston Martin və McLaren üçün yarış avadanlıqları və komanda geyimləri təmin edir. Mercedes və Audi isə Adidas ilə genişmiqyaslı və uzunmüddətli əməkdaşlığa imza ataraq sektorda böyük rezonans doğurub.
Avropada yerləşən rəqib idman geyimi nəhənglərinin pit-leynindəki üstünlüyündən sonra Nike-ın 2027-ci ildə Formula 1-ə qoşulması dünyanın ən böyük idman geyimi şirkətlərindən birinin çempionatda daimi və olduqca görünən mövqeyə sahib olmasına imkan verəcək.
Bu əməkdaşlıq eyni zamanda Nike-ın Formula 1 tarixində nostalji dönüşü olacaq. Brend yeddiqat dünya çempionu Mixael Şumaxer ilə 1996-2002-ci illər arasında əməkdaşlıq edib, alman əfsanəsi üçün xüsusi yarış çəkmələri hazırlayıb və kolleksiyaçıların böyük marağına səbəb olan Air Zoom Schu modelini təqdim edib.

Şərh əlavə et