Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Əyləc problemi gözlənilməz idi

2026-cı il mövsümündə bütün yarış dövrələrini tamamlayan yeganə pilot kimi Madrinqə gələn Lyuis Həmilton İspaniya Qran Prisində gözlənilməz əyləc problemi səbəbindən mübarizəni erkən dayandırıb.

Start cərgəsində dördüncü yerdən yarışa başlayan britaniyalı sürücü ilk döngədə Red Bull pilotu Maks Ferstappenlə mübarizə aparıb. Ferstappen trasdan kənara çıxaraq üstünlük əldə etdikdən sonra mövqeyini Həmiltona qaytarıb. Bundan sonra isə britaniyalı pilotun Ferrari bolidində əyləclərlə bağlı problem yaranıb.

Yeddiqat Dünya Çempionu əvvəlcə 5-ci və 6-cı döngələrdəki şikanı kəsib, daha sonra 20-ci döngədə təkərləri kilidləyərək trasdan çıxıb və mövqelər itirib.

Radio ilə əyləclərin işləmədiyini bildirən Ferrari pilotu 57 dövrədən ibarət yarışın 7-ci dövrəsində mübarizəni dayandırıb.

Yarışdan sonra Lyuis Həmilton problemin gözlənilmədən ortaya çıxdığını bildirib: “Burada kifayət qədər etibarlı bolidimiz var idi. Komanda əla iş görüb.

Bu, həqiqətən də heç gözləmədiyim bir şey idi. İlk dövrədə 5-ci döngəyə yaxınlaşarkən əyləcə basdım və bolid normal şəkildə yavaşlayırdı. Sonra pedalda müəyyən qədər boşluq yarandı və bolid kifayət qədər yavaşlamadığı üçün döngəyə çox yüksək sürətlə daxil oldum. Növbəti döngədə pedal yenidən normal vəziyyətə qayıtdı və mən problemin aradan qalxdığını düşündüm.

Daha sonra pedal birdən tamamilə dibə getdi. Döngəni keçə bildiyim üçün şanslı idim”.

Həmilton yarışın startında Maks Ferstappenlə 1-ci döngədə yaşadığı insidenti də belə izah edib: “Startda 1-ci döngəyə daxil olarkən onun qarşısına keçdim və daxili trayektoriyada idim. Düşünürəm ki, o da xarici tərəfdən məni keçməyə çalışdı. Daha sonra döngəni kəsərək trasdan kənara çıxdı və nəticədə yenidən mənim önümdə peyda oldu.

Bu, ona həqiqətən yaxşı sürətlənmə qazandırdı. Amma sonra mövqeyini mənə qaytardı”.

Rauf Hacıyev

Şərh əlavə et