Martsin Budkovski: “Bu bir neçə həftə çox intensiv keçib. Düzünü desəm, elə hiss edirəm ki, üç yarım həftə yox, üç yarım ay keçib. Amma hər şey pis getmir, komandada çox yaxşı məqamlar görmüşəm və bu, xüsusilə təsirlidir. Nəzərə almaq lazımdır ki, komandanın yaradılması üçün çox az vaxt olub, çempionatda iştirakla bağlı ərizəsinin təsdiqləndiyi şərtlər və bütün bunlar da öz yerində.
Digər komandalardan fərqli olaraq, Cadillac-ın tarixi irsi yoxdur. Biz bütün məsələlər üzrə açıq və konstruktiv müzakirələr aparırıq, amma komandanın yaradılmasını sürətləndirməyə imkan verən addımlar da atılıb. Bu qədər qısa müddətdə bunu etməli olanda belə yanaşma qaçılmazdır.
Daha çox diqqət tələb edən sahələr var və ilk növbədə, əlbəttə, texnikanın etibarlılığını artırmalıyıq. Bir sıra sahələrdə çətinliklərimiz var, istehsal proseslərinin keyfiyyəti baxımından hələ lazımi səviyyəyə çıxmağa çalışırıq və burada məlum səbəblərə görə top-komandalardan geri qalırıq.
Ortamüddətli perspektivdə bir sıra prioritetlər artıq müəyyənləşdirilib, daha yaxşı işləməli olduğumuzu anlayırıq. Əsasən nəticələrin və tempin yüksəldilməsindən söhbət gedir. Amma daha konkret məlumat paylaşmayacağam.
İşə başlamazdan əvvəl, hətta təyinatım elan olunmamışdan öncə hər iki sürücümüzlə söhbətim olub. Serxio Peres məndən soruşdu: “Zandfortdan əvvəl nə etməyə hazırlaşırsınız?” Həmin yarış təyinatımdan cəmi bir həftə sonra keçirildiyi üçün ona dedim ki, hələlik gözləntiləri cilovlamaq lazımdır.
Reallıq budur ki, hazırda mövsümün elə mərhələsindəyik ki, əsas qüvvə və resurslar artıq gələn ilin maşınının yaradılmasına yönəlib. Buna görə də texniki yeniliklərin sayı tədricən azalır. Təəssüf ki, böyük resurslar maşının effektivliyinin artırılmasına yox, etibarlılıq problemlərinin həllinə sərf olunub.
Təbii ki, indi texnikanın modernləşdirilməsi tempi artmır. Amma hesab edirəm ki, komanda texnikanın etibarlılığını artırmaq, istehsal problemlərini həll etmək, maşının keyfiyyətini yaxşılaşdırmaq üzərində işləyəndə böyük potensial nümayiş etdirib. Hər halda bu il nəticələrdə artıma nail olmaq imkanımız var, lakin hazırda əsas diqqət gələn mövsüm üçün şassinin yaradılmasına yönəlib…
Biz indicə Silverstounda yeni bazanı açmışıq və ötən çərşənbə axşamı sürücülərimiz orada olublar, texniki mütəxəssislərlə ünsiyyət qurublar və həqiqətən təsirləniblər. Bununla yanaşı, ABŞ-da da bir sıra obyektlərin tikintisi gedir. Amma komandanın yaxın vaxtlarda ora köçəcəyi barədə şayiələrin əsası yoxdur”.




Şərh əlavə et