Yeddiqat dünya çempionu Lyuis Həmilton 2021-ci ildən bəri ən güclü mövsümünü keçirir. Britaniyalı pilot bir qələbə və dörd podiumla Sürücülər Çempionatında ikinci pillədə qərarlaşıb.
Britaniyalı pilot çempionatın lideri Kimi Antonellidən 50 xal geri qalsa da, səkkizinci dünya çempionluğunu qazanmaq şansı əvvəlki illərlə müqayisədə daha yüksək qiymətləndirilir.
Bu mənzərə 41 yaşlı pilotun ötən il Ferrari-də keçirdiyi ilk mövsümlə müqayisədə böyük ziddiyyət təşkil edir. Həmilton 2025-ci il ərzində demək olar ki, mövsümün əvvəlindən sonuna qədər çətinliklərlə üzləşmişdi.
Təcrübəli pilot həmin mövsümdə bir dəfə də olsun podiuma yüksələ bilməmişdi. Bu isə onun 2026-cı ildə nümayiş etdirdiyi yüksəlişi daha da diqqətçəkən edir.
Bu dəyişimin əsas səbəblərindən biri qış fasiləsində görülən işlər olub. Həmilton Ferrari ilə birlikdə öz sürücülük üslubuna uyğun bolid hazırlamaq üçün sıx əməkdaşlıq edib, İtaliya komandası da britaniyalı pilotun rəylərini nəzərə alıb.
Deymon Hillin fikrincə, bu yanaşma mükəmməl işləyir və Həmilton Formula 1-in ən əfsanəvi komandalarından birinin iş prinsipini dəyişəcək qədər böyük təsir gücünə malikdir.
Hill Formula 1-in rəsmi saytına açıqlamasında bunları deyib: “Qaymaq həmişə üstdə olur, elə deyilmi? Lyuis elə bir insandır ki, onu iki yerə bölsəniz, içindən başdan-ayağa yalnız ‘rəqabət’ çıxar.
O, etdiyi hər işdə qalib gəlmək istəyir. Geri addım atmağın onun xarakterinə uyğun olduğunu düşünmürəm. Aydındır ki, qış boyunca çox ciddi çalışıb və Ferrari-ni öz istədiyi səviyyəyə gətirmək üçün əlindən gələni edib.
Ferrari onu transfer etmək üçün böyük sərmayə qoydu. Buna görə də Lyuis, ‘Mən burada oturub sizin dediklərinizi kor-koranə yerinə yetirməyəcəyəm. Mən sizə necə işlədiyimi göstərəcəyəm, siz də bolidi mənə uyğunlaşdıracaqsınız’ deyir.
O, sahib olduğu nüfuzdan və təsir gücündən öz xeyrinə istifadə edir, öz mövqeyini qoruyur. Düşünürəm ki, bunu etməsi tamamilə doğrudur”.




Şərh əlavə et