Yeni texniki reqlament dövrünün yay fasiləsindən əvvəlki son yarışında yüksək temp nümayiş etdirən McLaren Lando Norrisin qələbəsi ilə mövsümdə ilk zəfərini əldə edib. Həftəsonu Oskar Piastri üçün uğursuz başa çatsa da, Norris uzun müddətdir mühəndislərlə apardığı işin nəticəsini gördüyünü bildirib.
McLaren bolidin inkişafını dayandırmaq niyyətində olmadığını açıqlayıb. Komanda Azərbaycan Qran Prisi üçün hazırlanmış böyük yeniləmə paketindən sonra diqqətini tamamilə 2027-ci il layihəsinə yönəldib-yönəltməyəcəyinə qərar verəcək.
Komandanın rəsmi sual-cavab sessiyasında proseslə bağlı danışan mühəndis Nil Holdi qarşıdakı planları belə izah edib: “Hazırda növbəti yarış üçün kiçik yeniləmələr hazırlayırıq. Bundan sonra isə Bakı üçün genişmiqyaslı yeniləmə paketini gətirməyi planlaşdırırıq.
Daha sonra aerodinamika sahəsində nə qədər qazanc əldə etdiyimizi qiymətləndirəcəyik. Mövsümün sonuna qədər əlavə paket hazırlamağa dəyib-dəyməyəcəyinə, yoxsa bütün resurslarımızı gələn ilin bolidinə yönəldəcəyimizə həmin vaxt qərar verəcəyik”.
Hazırkı bolidin inkişafı ilə yeni mövsümün layihəsinə keçid arasında düzgün balans qurmağın bütün komandalar üçün çətin olduğunu deyən Holdi, McLaren-in hələlik inkişaf proqramını dayandırmaq niyyətində olmadığını vurğulayıb.
Bakı üçün nəzərdə tutulan paketdən sonra da bolidə yeni əlavələrin edilə biləcəyini bildirən təcrübəli mühəndis sözlərinə belə davam edib: “Yeniləmələri nə vaxt dayandıracağımız hələ dəqiq deyil.
Komandanın vəziyyətinə, rəqiblərimizin performansına və qarşımızdakı seçimlərə baxacağıq.
2027-ci il layihəsinə mənfi təsir göstərmədən, Bakıdan sonra da bu boliddən daha çox performans əldə etməyə imkan verəcək yeniləmələr təqdim etmək ehtimalımız kifayət qədər yüksəkdir.
Bunlar böyük dəyişikliklərdən daha çox, bolidə birbaşa əlavə oluna biləcək komponentlər olacaq. Bununla belə, həmin sahələrdə də istifadə edə biləcəyimiz səmərəli performans imkanları mövcud ola bilər”.




Şərh əlavə et