Lakin mövsümün başlanğıcı gözlənildiyindən daha çətin keçdi. Mayk Krək bir neçə həftə əvvəl verdiyi açıqlamada bildirmişdi ki, Formula 1-ə yeni qoşulan Cadillac ilə aralarındakı fərq təxminən bir saniyəyə çatdığı üçün Aston Martin yay fasiləsinə qədər faktiki olaraq rəqabət apara bilməyib.
AMR26 bolidinin Macarıstan Qran Prisində aldığı ilk böyük yeniləmə paketi vəziyyəti müəyyən qədər dəyişsə də, problemlər təkcə şassi ilə məhdudlaşmırdı. Honda da Formula 1-ə rəsmi qayıdışından sonra mövsümün ilk yarışlarında pilotları narahat edən güclü vibrasiya və performans çatışmazlığı ilə mübarizə aparırdı.
Motorsport.com-a verdiyi eksklüziv müsahibədə Honda-nın tras üzrə rəhbəri və baş mühəndisi Şintaro Orihara problemlərin əsl miqyasını yalnız yanvar ayında tam dərk etdiklərini bildirib.
Orihara baş verənləri belə izah edib: “Əslində ötən ilin sonunda vəziyyətimiz o qədər də pis deyildi. Performans və idarəetmə hissi hələ inkişaf mərhələsində idi, amma ümumi mənzərə ümidverici görünürdü.
Yanvar ayında isə bəzi sahələrdə performansın gah yüksəldiyini, gah da aşağı düşdüyünü müşahidə etdik. Yəni sürətli idik, amma etibarlılıq problemləri yaşayırdıq.
Yanvarda başa düşdük ki, həm performans, həm də etibarlılıq baxımından rəqabətədavamlı olmayacağıq. Barselonada trasa çıxdığımızda isə performansımızın digər istehsalçılarla müqayisədə həqiqətən zəif olduğunu gördük. Üstəlik, batareya sistemində də müəyyən problemlər aşkar etdik”.
Batareya ilə bağlı mürəkkəb nasazlıqlar qış testləri zamanı komandanın çox dəyərli tras vaxtını itirməsinə səbəb olub. Məhz ən çox məlumat toplamalı olduqları dövrdə yaşanan bu itki həm Aston Martin, həm də Honda üçün ciddi nəticələr doğurub.
Orihara əlavə edib: “Mövsümün əvvəlində yaxşı vəziyyətdə olmadığımızı açıq şəkildə başa düşmüşdük. Rəqabətədavamlı olmayacağımızı bilirdik, amma vəziyyətin bu qədər ağır olacağını gözləmirdik”.
Şərhçilərin fikrincə, performans itkisinin əsas səbəblərindən biri Honda-nın Red Bull ilə çempionluqlar qazandığı dövrlə müqayisədə fərqli əməliyyat strukturuna malik olmasıdır. Red Bull dövründə çalışan əksər Honda mühəndisləri mövsüm başlamazdan əvvəl layihədən ayrılmışdı.
Honda isə hesab edir ki, digər mühüm səbəb qüvvədə olan texniki reqlamentin həddindən artıq mürəkkəb olmasıdır. Şintaro Orihara vurğulayıb ki, 2026-cı il öncəsi onları çətin vəziyyətə salan tək bir problem olmayıb. Əksinə, eyni vaxtda qüvvəyə minən çoxsaylı dəyişikliklər yaranan çətinliklərin əsas səbəbi olub.




Şərh əlavə et