2026-cı il mövsümü Formula 1 tarixinin ən genişmiqyaslı texniki qayda dəyişikliklərindən biri ilə yadda qalıb. Yeni reqlament paddokda müxtəlif fikirlərin yaranmasına səbəb olsa da, dəyişiklikləri ən sərt tənqid edənlərdən biri dördqat dünya çempionu Maks Ferstappen olub.
Niderlandlı pilot mövsümün ilk yarışlarından etibarən elektrik mühərriki ilə daxiliyanma mühərriki arasında tətbiq olunan 50/50 güc bölgüsünün yarışların keyfiyyətinə mənfi təsir göstərdiyini bildirib və yeni nəsil bolidləri “steroidlə gücləndirilmiş Formula E maşınları” adlandırıb.
2015-ci ildə Toro Rosso-da Ferstappenin komanda rəhbəri olmuş Frants Tost isə Krone qəzetinə açıqlamasında bu tənqidlərin hamısı ilə razı olmadığını deyib.
Tostun fikrincə, yeni qaydalar xüsusilə Maks Ferstappen, Lando Norris və Fernando Alonso kimi gec əyləcləmə bacarığı ilə seçilən pilotlara mənfi təsir göstərir: “Bu mövsüm bir dənə də olsun darıxdırıcı yarış izləməmişəm. Əlbəttə, yeni qaydalarla bağlı çox müzakirələr aparılır.
Ferstappen, Lando Norris və ya Fernando Alonso kimi yüksək səviyyəli pilotların məyusluğunu başa düşürəm. Çünki onların ən böyük üstünlüyü məhz əyləcləmə zamanı ortaya çıxırdı. Amma enerjini yenidən toplamaq üçün əyləc nöqtəsinə çatmamış 10-20 metr əvvəl qazdan ayağınızı çəkməli olursunuzsa, bu üstünlük tamamilə aradan qalxır”.
Bununla belə, Tost Formula 1-in gələcəyinə nikbin yanaşdığını da vurğulayıb.
O, 2027-ci ildən etibarən güc qurğusunda enerji bölgüsünün 58% daxiliyanma mühərriki – 42% elektrik, 2028-ci ildən isə 60% – 40% səviyyəsinə qaldırılacağını xatırladaraq, bunu müsbət addım kimi qiymətləndirib: “İnkişaf düzgün istiqamətdə gedir. Çoxlu ötmələr görürük və məncə azarkeşlərin də görmək istədiyi məhz budur. Batareyanın dolu və ya boş olması isə azarkeşlərin böyük əksəriyyətini maraqlandırmır”.




Şərh əlavə et