Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: İstədiyimiz tempimiz yoxdur

McLaren komandasının pilotu Oskar Piastri Macarıstan Qran Prisi öncəsi keçirilən mətbuat konfransında komandanın yenilikləri və 2026-cı il güc qurğusu qaydalarının sürücülərə təsiri barədə danışıb.

Son iki ildə Macarıstanda qələbə qazanan McLaren Hunqarorinq həftəsonuna yenilənmə paketi ilə gəlir. Piastri həm komandanın bu yeniliklərdən gözləntilərini bölüşüb, həm də 2026-cı il reqlamentinin gətirdiyi proqram təminatı və süni intellekt asılılığını tənqid edib.

2026-cı il qaydaları ilə mühərrik gücünün demək olar ki, yarısının elektrik sistemindən gəldiyini xatırladan avstraliyalı sürücü bildirib ki, proqram təminatı və alqoritmlər pilotun idarəetməsinə əvvəlkindən daha çox təsir göstərir.

Bir jurnalistin, “Heç elə hiss edirsinizmi ki, Formula 1 bolidini yox, öyrədilməsi lazım olan süni intellekt proqramını idarə edirsiniz?” sualına Piastri belə cavab verib: “Bəzən bəli, həqiqətən də belə hiss olunur. Dünyanın ən sürətli avtomobillərindən birini idarə edərkən düzlüyün sonuna çatmamış gücün təxminən yarısını itirməyi qəbul etmək çətindir. 

Spada orta sektordakı əksər  döngəni batareya dəstəyi olmadan, yalnız daxiliyanma mühərriyi ilə keçdik. Bəzi döngələri az güclə, bəzilərini isə tam güclə keçmək çox qəribə hissdir.

Mühərrik xəritələnməsindəki kiçik fərqlər və proqram kodlarının işləmə prinsipi dövrə vaxtında çox böyük fərqlər yaradır. Sürücü kimi bunlara müdaxilə etmək və ya nəzarət etmək imkanımız yoxdur. Spada məhz idarə edə bilmədiyimiz bu proqram fərqləri səbəbindən dövrə vaxtında ciddi itkilər yaşamışdıq”.

Piastri mövsümün ilk yarısını da dəyərləndirərək bildirib ki, McLaren və özü istədikləri nəticələri əldə edə bilməyiblər: “Keçən illə müqayisədə komanda olaraq istədiyimiz ilk yarını keçirmədik. Mənim üçün də enişli-yoxuşlu yarışlar oldu. Xüsusilə son bir neçə yarışda bolidi idarə etmək daha çətinləşmişdi. Bu həftəsonu üçün bir neçə yeniliyimiz var. İndiyədək simulyasiyadan əldə etdiyimiz nəticələri trasda uğurla təsdiqləyə bilmişik. Ümid edirəm ki, bu yenilənmələr bizi ön sıralardakı mübarizəyə bir qədər də yaxınlaşdıracaq”.

Rauf Hacıyev

Şərh əlavə et