Xəbəri Kokpitdə Oxuyun!

S.Domenikali: F1-in Alonsoya ehtiyacı var

Formula 1-in baş icraçı direktoru Stefano Domenikali hesab edir ki, gələcəyi hələ də qeyri-müəyyən olaraq qalan Fernando Alonso karyerasını davam etdirməlidir. Onun fikrincə, Formula 1 Alonso kimi qəhrəmanlara ehtiyac duyur.

İspaniyalı sürücü mövsümün sonunda Aston Martin ilə müqaviləsinin başa çatacaq olması səbəbindən 2027-ci il öncəsi gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır. Bu müddətdə ispaniyalı pilotun adı ən çox Alpine ilə hallandırılır.

Alonso iki dünya çempionluğunu qazandığı Renault komandasının varisi olan Alpine ilə ikiillik fasilədən sonra 2021-ci ildə Formula 1-ə qayıtmış, daha sonra isə üçüncü dünya çempionluğu arzusu ilə Aston Martin layihəsinə qoşulmuşdu.

Lakin Aston Martin-də keçirdiyi dörd mövsümə baxmayaraq, 44 yaşlı pilotun karyerasındakı 33-cü Qran Pri qələbəsinə çatması hələ də uzaq görünür. Buna səbəb komandanın 2026-cı il mövsümündə gözləntilərdən xeyli geri qalmasıdır.

Aston Martin yeddi yarış həftəsonunda yalnız Monakoda Alonsonun qazandığı 10-cu yer sayəsində 1 xal əldə edə bilib. Bundan əlavə, komanda səkkiz dəfə yarışı başa vura bilməyib.

Bu nəticələr Alonsonu karyerasının növbəti addımı barədə ciddi düşünməyə vadar edir.

İspaniya Qran Prisi zamanı danışan Alonso belə deyib: “Hazırda ağlımda dəqiq bir qərar yoxdur. Yay fasiləsindən sonra qərarımı verəcəyəm”.

Hazırkı vəziyyətdə Alonsonun qarşısında üç əsas seçim görünür: Aston Martin-də qalmaq, karyerasını başa vurmaq və ya Alpine komandasına qayıtmaq.

Formula 1-in baş icraçı direktoru Stefano Domenikali isə gələn il də Alonsonu qrid üzərində görmək istədiyini gizlətmir” “Alonsoya görə həqiqətən üzülürəm, çünki ona böyük hörmət bəsləyirəm və onun nə qədər qeyri-adi insan olduğunu bilirəm. Amma eyni zamanda onun nə qədər dözümlü biri olduğunu da bilirəm.

Ümid edirəm ki, ona yaxşı bolid təqdim edəcəklər və o da istedadını yenidən nümayiş etdirmək imkanı qazanacaq. Onun düşüncə tərzi hər səviyyədə qorxusuz fədakarlığa əsaslanır. Sadəcə düzgün layihəyə ehtiyacı var.

Ümid edirəm ki, burada qalacaq və təkcə bir il deyil, uzun illər Formula 1-də çıxış etməyə davam edəcək.

Bu idman növünün qəhrəmanlara ehtiyacı olduğu sirr deyil. Məhz buna görə Fernando Alonsonun uzun müddət burada qalmasını istəyirəm. O, düzgün bolid əldə etdikdə nə qədər güclü olduğunu yenidən göstərəcək. Mən onu uzun illər Formula 1-də görmək istəyirəm”.

2026-cı il mövsümünün gedişi göstərir ki, Alonso hələ də motivasiyasını itirməyib. Lakin onun növbəti qərarı böyük ölçüdə Aston Martin-in Macarıstan Qran Prisindən sonra təqdim etməyi planlaşdırdığı yeniliklərin nə dərəcədə uğurlu olacağından asılıdır. Əgər komanda rəqabətədavamlı səviyyəyə yüksələ bilməsə, ikiqat dünya çempionunun Alpine variantını daha ciddi şəkildə nəzərdən keçirəcəyi istisna edilmir.

Rauf Hacıyev

Şərh əlavə et