2026-cı il Formula 1 mövsümünün indiyədək ən böyük məyusluqlarından biri şübhəsiz ki, Aston Martin olub. Fernando Alonsonun Monako Qran Prisində qazandığı yeganə xal da rəqiblərin cəzaları və yarışdan kənar qalmaları hesabına əldə edildiyindən komandanın real sürətini tam əks etdirməyib.
Silverstoun təmsilçisinin vəziyyətini ən yaxşı göstərən statistika isə Barselonadakı sıralama turunda ortaya çıxıb. Hər iki pilot açıq şəkildə temp çatışmazlığı yaşayıb və hətta Cadillac sürücüləri ilə mübarizə aparmaqda çətinlik çəkib.
Barselonada yaşanan ikiqat texniki nasazlıqdan sonra komandanın sahibi Lourens Strollun sərt reaksiya verəcəyi gözlənilsə də, kanadalı rəhbər komanda daxilində aparılan yenidənqurma prosesinin nəticələrini gözləməyi üstün tutub.
Hazırda komandanın bütün diqqəti Macarıstan Qran Prisinə yönəlib. Aston Martin daxilində Avstriya, Böyük Britaniya və Belçika yarışları bir növ keçid mərhələsi kimi qiymətləndirilir. Komanda üçün əsl yeni başlanğıcın Hunqarorinqdə olması planlaşdırılır.
İlkin plana əsasən, geniş şəkildə yenilənmiş AMR26 B paketi Belçika Qran Prisində təqdim edilməli idi. Lakin son həftələrdə üstünlük qazanan fikir yeniliklərin Macarıstanda debüt etməsidir. Fernando Alonso isə Barselonada verdiyi açıqlamalarda daha ehtiyatlı danışaraq paketin Niderland Qran Prisinə, hətta Monzaya qədər gecikə biləcəyinə işarə edib.
Komanda daxilində aparılan qiymətləndirmələrə görə, Aston Martin-in ön qrupla müqayisədə itirdiyi performansın təxminən iki saniyəsi Honda güc qurğusundan qaynaqlanır. Qalan fərq isə şassi və aerodinamik çatışmazlıqlarla əlaqələndirilir.
Komandanın tras əməliyyatlarına cavabdeh rəhbəri Mayk Krak Monako və Barselona kimi tamamilə fərqli xarakterə malik traslarda oxşar nəticələrin əldə edilməsinin AMR26-nın inkişaf baxımından dalana dirəndiyini etiraf edib: “Barselona ilə Monako tamamilə fərqli traslardır. Barselonada sürətli və orta sürətli döngələr üstünlük təşkil edirdi. Monakoda isə vəziyyət əksinə idi. Monte Karloda təkərləri işçi temperaturuna çatdırmaqda çətinlik çəkirdik, Barselonada isə onları soyutmağa çalışırdıq. Tamamilə fərqli şəraitlərdə yarışsaq da, hər iki trasda rəqabətədavamlı deyildik. Bu da göstərir ki, bolidin hər sahəsində inkişaf etməyə ehtiyacımız var”.
Fernando Alonsonun Barselonada səsləndirdiyi “Pelotonda ən pis bolidə və ən pis mühərriyə sahibik” fikirləri komanda daxilində də geniş rezonans doğurub. Bununla belə, Aston Martin rəhbərliyi bu sözlərə açıq etiraz etməyib.
Bunun əsas səbəblərindən biri komandanın mövsüm ərzində ciddi yeniləmə paketi təqdim etməməsidir. Aston Martin indiyədək yalnız mövcud bolidi müxtəlif tras xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışıb.
Komandanın ən böyük ümidlərindən biri Honda tərəfindən hazırlanan yeni güc qurğusu paketidir. Bildirilir ki, yapon istehsalçı ADUO sistemi vasitəsilə performans fərqini əhəmiyyətli dərəcədə azaltmağı hədəfləyir.
Bununla yanaşı, Ədrian Nyuinin hazırladığı yeni AMR26 Evo versiyasının mövcud boliddən köklü şəkildə fərqlənəcəyi gözlənilir. İlkin məlumatlara görə, yalnız ön asılqan konsepsiyası qorunacaq, bolidin qalan hissəsi isə genişmiqyaslı dəyişikliklərə məruz qalacaq.
Nyuinin layihəyə bağlılığının da olduqca yüksək olduğu bildirilir. Əfsanəvi konstruktor texniki direktor Enriko Kardile ilə sıx əməkdaşlıq edir, eyni zamanda keçmiş Mercedes əməkdaşları Cek Vino və Dankan Elliot kimi mühəndisləri komandaya cəlb edərək texniki strukturu gücləndirib.
Xüsusilə arxa asılqan konsepsiyası ilə diqqət çəkən Aston Martinin yeni boliddə daha aqressiv mühəndislik həllərindən istifadə edəcəyi, hətta 2027-ci il bolidlərində görünməsi gözlənilən bəzi ideyaları artıq 2026-cı ildə tətbiq edə biləcəyi qeyd olunur.
Komandanın məqsədi isə kifayət qədər aydındır: Pelotonun son sıralarından qurtulmaq və müntəzəm olaraq xal uğrunda mübarizə aparan kollektivə çevrilmək. Mövsümün ilk yarısındakı nəticələr nəzərə alınsa, bu hədəfə çatmaq belə Aston Martin üçün ciddi uğur hesab olunacaq.




Şərh əlavə et